“Türk Hava Yolları” (THY) aviaşirkətinin bu gün yenidən başlaması planlaşdırılan beynəlxalq aviareysləri təxirə salınıb.
Bu barədə şirkət məlumat yayıb. Bildirilib ki, aviareyslərin başlaması üçün həm Türkiyə, həm də səfər ediləcək ölkələrin Mülki Aviasiya idarələrindən lazımi icazələrin hələ də alınmaması uçuşların bərpasını gecikdirir.
Xatırladaq ki, iyunun 4-də Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlunun verdiyi məlumata əsasən, iyun ayından etibarən mərhələli şəkildə Türkiyədən 40 ölkəyə aviareyslərin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar artıq 15 ölkə ilə razılıq əldə olunub. İlk beynəlxalq aviareyslərin isə iyunun 10-da Şimali Kipr Türk Cümhuriyyəti, Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstana olacağı gözlənilirdi. Türkiyədə ölkədaxili uçuşlar iyunun 1-dən etibarən mərhələli şəkildə bərpa olunub.
Qeyd edək ki, THY yeni növ koronavirus səbəbindən beynəlxalq uçuşları bu il martın 28-dən dayandırıb.