10 C
Baku
Thursday, December 12, 2024

Türk İşbirliyi və Koordinasiya Agentliyi Azərbaycanın cəbhə bölgəsinə ərzaq yardımı göndərdi

Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) cəbhə xəttinə yaxın bölgələrdə yaşayan və Ermənistanın hücumlarından zərər çəkmiş Azərbaycan vətəndaşlarına 40 ton ərzaq yardımı göndərib. Qida paketləri Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, “Dövlətqaçqınkom”un sədr müavini Fuad Hüseynov və TİKA-nın Bakı Proqram Koordinatoru Teoman Tiryakinin iştirakı ilə təşkil edilən mərasimdən sonra bölgəyə göndərilib.

Banker.az xəbər verir ki,  səfir  Erkan Özoral jurnalistlərə verdiyi açıqlamada Türkiyənin həm pis, həm də yaxşı günlərində Azərbaycanın yanında olduğunu vurğulayıb.

Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu xatırladan Özoral “ərazi bütövlüyünü bərpa etmək üçün apardığı müharibədə Azərbaycanı sonuna qədər dəstəkləyirik. Dəstəyimiz sadəcə, eyni millətə mənsub olduğumuz üçün deyil, həm də Azərbaycanın bu mübarizədə hüquqi cəhətdən doğru olmasından irəli gəlir. Qardaşlarımızı heç vaxt tək qoymayacağıq“ deyib.

Fuad Hüseynov bildirib ki, Azərbaycan xalqı torpaqlarını qorumaq üçün vətən savaşı aparır.

O, Türkiyə dövlətinin və xalqının  dəstəyini hər zaman hiss etdiklərini dilə gətirib və göstərilən qida yardımı üçün TİKA-ya təşəkkür edib.

TİKA Bakı Proqram Koordinatoru Tiryaki keçən həftə cəbhə bölgəsində çalışan Azərbaycan Qızıl Aypara işçilərinə 500 ədəd ilk yardım dəsti payladıqlarını və bu gün münaqişələr səbəbi ilə evlərini tərk etməli olan ailələrə qida yardımı göndərdiklərini qeyd edib.

Hazır yeməklər və konservlərdən ibarət 40 ton qida Tərtər, Ağdam və Bərdədə cəbhə xəttinə yaxın yaşayan 2 min ailəyə paylanılacaq.

Son xəbərlər
Digər xəbərlər