Türkiyə valyutası dollara qarşı yenidən dəyər itirərək yeni tarixi minimum səviyyəyə düşüb. Bahalaşan ABŞ dolları lirəyə əlavə təzyiq göstərir.
Banker.az xəbər verir ki, dollar-lirə cütlüyünün məzənnəsi bu gün 0.7 faiz daha ucuzlaşaraq 35.4 səviyyələrinə qədər düşüb. Lakin sonradan itkisinin bir hissəsini bərpa edərək 35.2 səviyyələrinə qalxıb. Beləliklə, 2024-cü il də lirə üçün dəyər itirilmiş bir il kimi tarixə düşür. Lirə son bir ildə 20 faiz dəyər itirib.
Türkiyədə son illərdə yüksək inflyasiya səbəbindən faiz dərəcələri 40 faizə qədər artırılsa da, USD/TRY valyuta cütlüyü yalnız bir istiqamətdə – bahalaşmaya doğru irəliləyib.
Bununla belə, Türkiyə Mərkəzi Bankının son aylarda nisbətən yüngülləşən inflyasiya şəraitini nəzərə alaraq uçot faiz dərəcəsini azalda biləcəyi ilə bağlı proqnozlar var. Son ayda inflyasiya 48 faizdən aşağı düşüb ki, bu da proqnozlardan aşağı göstəricidir.
Türkiyə Mərkəzi Bankı 2023-cü ilin may ayından başlayaraq yeni rəhbərliklə faiz siyasətini sərtləşdirib. Bir həftəlik repo faizləri, hansı ki, bençmark hesab edilir, 2023-cü ilin iyunundan 2024-cü ilin martına qədər 14 faizdən 50 faizə qaldırılıb. Lakin faiz artımları lirənin ucuzlaşmasını dayandıra bilməsə də, kəskin enişini neytrallaşdırıb.
Hazırda ABŞ Federal Ehtiyat Sisteminin son iclasda faizləri endirməsinə baxmayaraq, gələn il üçün cari faiz endirimlərini 2 dəfə azaltmağı nəzərdən keçirməsi svop bazarında dolların bahalaşacağı ehtimallarını artırıb. Beləliklə, ABŞ dolları ötən günkü iclasın ardından əksər valyutalara qarşı bahalaşıb. Bahalı dollar ucuzlaşmağa meyilli olan lirəyə də əlavə təzyiq göstərir.