25 C
Baku
Wednesday, September 10, 2025

Türk şirkəti Ələt limanı yaxınlığında konteyner anbarı inşa etməyi planlaşdırır

Orta Dəhliz (Middle Corridor) region ölkələri arasında yükdaşımalarının effektivliyini və sürətini artırmaq üçün mühüm imkanlar açır.

Bu barədə Türkiyənin “Caspian Line Trucking” şirkətinin rəhbəri Emrah Balkaya bildirib: “Biz əsasən Avropa ölkələri ilə Asiya ölkələri arasında intermodal daşımacılıq həyata keçiririk. Akdoğan, Ələt və Almatı limanlarında, həmçinin Artvin-Hopa, İstanbul, İtaliya və Almaniyanın Hamburq şəhərində ofislərimiz fəaliyyət göstərir. Bu şəbəkə vasitəsilə tamamilə konteyner daşımaları icra edirik. Əlavə olaraq, yaşıl yol konsepsiyası əsasında ekoloji cəhətdən təhlükəsiz daşımalar həyata keçirməkdəyik”.

Şirkət rəhbəri qeyd edib ki, hazırda Qazaxıstanda hasil olunan misin Türkiyəyə daşınması üzrə böyük layihələr icra edilir: “Aylıq orta hesabla 15–20 min ton mis daşınmasını təmin edirik. Bu, həm region əməkdaşlığını, həm də tranzit imkanlarını genişləndirir”.

Azərbaycanda gələcək planlara da toxunan E.Balkaya bildirib ki, “Caspian Line Trucking” Ələt limanı yaxınlığında konteyner anbarı inşa etməyi nəzərdə tutur: “Azərbaycanda konteyner daşımaları üçün böyük potensial var. Parsial yükləmələrin toplanması və buradan Çin, Qazaxıstan, Türkmənistan istiqamətlərinə daşınması da planlarımız arasındadır”.

Emrah Balkaya Zəngəzur dəhlizinin açılmasının xüsusi əhəmiyyət daşıyacağını da diqqətə çatdırıb: “Ən böyük məqsədimiz Türkiyə ərazilərindən çıxmadan, Gürcüstana girmədən birbaşa Azərbaycan və digər türk ölkələrinə yükdaşımaları həyata keçirməkdir. Bu, həm tranzit müddətlərini qısaldacaq, həm də xərcləri azaldacaq”.

E.Balkaya sonda təşkil olunan beynəlxalq tədbirin yüksək səviyyədə keçirildiyini vurğulayaraq, regional əməkdaşlığa yeni töhfə verdiyini bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər