Türkiyənin Diyanət Vəqfi tərəfindən Azərbaycana göndərilən yardım səlahiyyətli şəxslərə təhvil verilib.
Bu barədə Türkiyənin Azrəbaycandakı səfirliyindən bildirilib.
Səhiyyə ləvazimatlarından ibarət yardımın Azərbaycan Müdafiə Nazirliyinə çatdırılması üçün Tibbi Ərazi İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətli şəxslərinə təhvil verilməsi mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz iştirak edib.
Səfir Erkan Özoral mətbuata verdiyi açıqlamada Dağlıq Qarabağda 44 gün davam edən müharibənin Türkiyədə ciddi bir həssaslıq yaratdığını və ictimaiyyətin Azərbaycana dəstək göstərmək üçün hər cür səy göstərdiyini bildirib.
Türkiyə Diyanət Vəqfinin Azərbaycanın müxtəlif şəhərlərində bundan öncə də şəhid ailələrini əhatə edən yardım fəaliyyətləri həyata keçirdiyini xatırladan Özoral “Yenə də həmin kampaniya çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinə yataq dəstləri, tibbi geyimlər, maskalar və dezinfeksiyaedici vasitələrdən ibarət müxtəlif tibbi ləvazimatlar ilə yanaşı süd təqdimatı olacaq. Bu həssaslığı göstərdiklərinə görə Türkiyə Diyanət Vəqfinin rəhbərliyinə və Diyanət İşləri Başqanına təşəkkür edirəm”, – deyib.
Səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz təhvil verilən ləvazimatların yardımdan çox dəstək mənası daşıdığını qeyd edərək Azərbaycanın Qarabağdakı qələbə sevincini paylaşdıqlarını və Türkiyə Diyanət Vəqfinin Azərbaycana yardımlarını davam etdirəcəyini bildirib.