“Türkiyədə Azərbaycanın icbari avtosığorta modelini tətbiq etmək istəyirik”.
Bunu Türkiyə Sığorta və Özəl Pensiya Tənzimlənməsi və Nəzarəti Agentliyinin (SEDDK) sədr müavini Fatma Ebru Gençosmanoğlu deyib. O bildirib ki, Azərbaycanın sığorta sahəsində Türkiyədən öndə olduğu sahələr var. Buna avtomobillərin icbari sığortası üzrə tətbiq edilən mexanizmi aid etmək olar: “Azərbaycanda icbari avtomobil sığortası üzrə zərərlərin birbaşa tənzimləmə modeli tətbiq edilir. Biz Türkiyədə hələ bu mərhələyə çatmamışıq. Bu sistemin tətbiqi üçün Azərbaycanın ötən müddətdəki təcrübəsini öyrənəcəyik, təhlillər aparıb, mənfi və müsbət tərəflərini araşdıracağıq.”
Qeyd edək ki, ötən il noyabrın 1-dən etibarən Azərbaycanda avtomobillərin icbari sığortası üzrə zərərlərin birbaşa tənzimlənməsi qaydası tətbiq edilir. Bu qaydaya əsasən, hadisə zamanı zərərçəkən avtomobil sahibi zərərvuran şəxsin sığortaçısına deyil, birbaşa avtomobilini sığortaladığı şirkətə müraciət edərək zərərin qarşılanmasını tələb etməlidir.