Ankara fələstinlilərin qorunmasını təmin etmək üçün beynəlxalq qüvvələrin yaradılması fikrini dəstəkləyib.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mevlüt Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsində keçirilən təcili iclasında söyləyib.
“Beynəlxalq ictimaiyyət fələstinli mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıyır. Və bu məsuliyyətin vacib hissəsi İslam Əməkdaşlıq Təşkilatının üzərinə düşür. Biz BMT-nin Baş Assambleyasının 2018-ci ilin iyun ayında qəbul etdiyi qətnaməyə uyğun olaraq fələstinli mülki insanları qorumaq üçün beynəlxalq mexanizm yaratmağa çalışmalıyıq. Bu təşəbbüs həmçinin müvafiq ölkələrin hərbi və maliyyə dəstəyini alacaq beynəlxalq gücün yaradılması yolu ilə fiziki müdafiəni nəzərdə tutur”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Qüdsdə fələstinlilərlə israillilər arasında yaşanan qarşıdurmada Fələstini dəstəklədiyini açıqlayıb. O, Qəzza zonasındakı vəziyyətlə bağlı 19 ölkənin prezidentləri və hökumət başçıları ilə danışıqlar apardığını bildirib.
Bu gün Avropa Birliyinin xarici işlər nazirləri İsrail və Fələstin arasındakı qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar təcili videobağlantı keçirəcək. İttifaqın 27 üzv dövləti bu problemin həllini tapmağa çalışacaq. Onlardan bəziləri (Almaniya, Avstriya və Sloveniya) İsrailin müdafiə hüququnu dəstəkləyir.