Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri alması ABŞ-ın yeni beşinci nəsil F-35 qırıcı təyyarələri ilə bağlı proqramında iştirakını mümkünsüz edir.
TASS xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Stefani Qrişem yazılı açıqlamasında bildirib.
“Təəssüf ki, Türkiyənin Rusiyadan S-400 əldə etməsi onun F-35 proqramında gələcək iştirakına imkan vermir. F-35 öz təhlükəsizliyi üçün Rusiyanın kəşfiyyat məlumatı toplama platforması ilə bir arada ola bilməz”, – deyə S.Qrişem qeyd edib.
ABŞ-ın Müdafiə Nazirliyi Türkiyənin F-35 təyyarələrinin yaradılması proqramından çıxarılması ilə əlaqədar maliyyə itkisi 9 milyard dollar olacaq.
Dövlət rəsmisi, həmçinin əlavə edib ki, Vaşinqton Ankaraya ABŞ istehsalı olan “Patriot” zenit raket kompleksləri almağı təklif etsə də, rəsmi Ankara buna razı olmayıb.
Buna baxmayaraq, ABŞ Türkiyə ilə hərbi sahədə əməkdaşlığa davam edəcək: “S-400 mövzusu istisna olmaqla, bizim əməkdaşlığımız geniş çərçivədə davam edəcək”.