1 C
Baku
Saturday, December 14, 2024

Türkiyə siyasətində baş verənlər şok deyil…

Dünən Türkiyədə baş verən hadisələrin şok effekti yaratmasının özü bir şok hadisəsi idi. İYİ Partiya Rəhbəri Meral Akşener CHP Partiyasının Rəhbəri Kemal Kılıcdaroğlunu Millət İttifaqının vahid namizədi kimi dəstəkləməkdən imtina edərək altılı masadan ayrıldığını elan etdi. Şok idi? Xeyir. Gözlənilməz idi? Xeyr.

Əvvəla, Meral xanım altılı masa qurulduqdan indiyə qədər Kemal Kılıcdaroğlunun namizədliyini dəstəkləmədiyini, CHP-nin iki üzvündən birinin, Ekrem İmamoğlu və ya Mansur Yavaşın altılı masanın vahid namizədi kimi irəli sürülməsinin tərəfdarı olduğunu az qala hər çıxışında, müsahibəsində vurğulayırdı. “Altılı masa notarius deyildir” deyirdi. Bunu CHP də öncədən bilirdi, Kemal bəy də, Meral xanımla isti münasibətləri saxlayıb tədbir və mitinqlərdə onunla birlikdə iştirak edən Ekrem bəy və Mansur bəy də. Deməli, Meral Akşenerin Kemal bəyin namizədliyinə qarşı olması və bu namizədlik elan olunarkən altılı masadan çəkilməsi əslində gözlənilən idi, şok deyildi.

Əslində altılı masa əvvəldən bəyan edirdi ki, bizim üçün namizədlik məsələsi, vəzifə məsələsi önəmli deyil. Əsas vəzifəmiz parlament sisteminin bərpasıdır. Bu hədəfi vurğulayıb sonra namizəd üzərində anlaşmayan altılı masa bu məsələdə ciddi uğursuzluğa məruz qaldı. Çünki, AKP-nin də olduğu Cumhur İttifaqının öncədən səsləndirdikləri proqnozun “bunlar seçkiyə qədər razılığa gələ bilməyəcəklər, o ki qaldı koalisiya qursunlar, birlikdə dövləti idarə etsinlər” doğru olduğunu sübut etdilər. Əslində İYİ və CHP partiyaları arasında ciddi fikir ayrılığı da bir gündə ortaya çıxmadı. Bu fikir ayrılığının olması da gözlənilməz deyildi. Həmin partiyaların müxtəlif səviyyəli vəzifələliləri də mətbuat vasitəsilə polemikalara daxil olur, bir-birlərinə söz atırdılar. Əslində masa öncədən kilidlənmişdi.

Altılı masanın uğursuz addımı yanlış zamanlaması oldu. İndiyə qədər namizəd təqdim edə bilməyən altılı masa zəlzələdən az sonra qəti və kəskin addımlar atmağa məcbur oldu. Çünki zaman daralır. Niyə qəti və kəskin? Çünki, altılı masa vahid namizəd təqdim etməyin prosedurunu hazırlayıb razılaşacağıq, sonra həmin prosedura uyğun vahid namizəd təqdim edəcəyik demişdi. Prosedur isə olmadı, razılaşma da olmadı.

Sonra nə olacaq? Çoxlu variantlar var. Hər bir halda nisbətən diqqət cəlb edən 3-cü ittifaq da yarana bilər. Muharrem İnce və Meral Akşener. Amma ittifaqların sayı nə qədər çox olarsa, iqtidar üçün bir o qədər müsbət olacaq.

Bir az da iqtidar cəbhəsinə nəzər salaq. İqtidar hər şeyə rəğmən qətiyyətlə seçkilərə gedir. Səs-küysüz, daxili intriqa və çəkişmələrə yol vermədən. Səs-küy və intriqaya itiriləcək vaxtı riskləri ölçməyə, növbəti seçkiləri dəyərləndirməyə və planlar qurmağa sərf etmək daha səmərəlidir. 50 ildir siyasətdə olub seçki ustadı adını hər dəfə doğrultmuş Türkiyə Prezidenti bu dəfə də seçkilərə az qalmış manevrlərini etməyi bacarır və müvəffəqiyyətlə davam etdirəcək.

Əslində müxalifət cəbhəsində baş verən qeyri-müəyyənliklər bir ehtimalı da gücləndirir. İqtisadi cəhətdən ciddi çağırış və problemlərin mövcud olmasına baxmayaraq Türkiyənin Rusiya-Ukrayna müharibəsində, Yaxın Şərq (bundan sonra Suriya məsələsi daha da həssas dövrə daxil olmaqdadır), Qafqaz, Orta Asiya siyasətlərində oynadığı rol danılmazdır. Türkiyədə seçkilərdə hakimiyyət dəyişikliyi Türkiyənin daxili siyasətində hansı vəziyyəti yaradacağı qeyri-müəyyəndir. Amma xarici siyasətdə Türkiyə Prezidenti Erdoğanın şəxsi nüfuz və xarizması, təcrübəsi və manevr qabiliyyəti, bir neçə qlobal siyasi prosesin içində olması, balansları gözəl bilməsi hesabına yürütdüyü siyasətin davam etdirilməsi ehtimalı çox yüksəkdir. Dünyanın yaxın 2-3 il ərzində yeni siyasi, sonrakı illərdə isə yeni iqtisadi düzən (Yeni Dünya Düzəni həm yeni siyasi, həm də yeni iqtisadi düzəni cəmidir) formalaşdırdığı bir zamanda Türkiyədə iqtidar dəyişikliyinə nə Türkiyə iqtidarını dəstəkləyən qlobal güclərin, nə də Türkiyənin (Yeni Düzəndə ciddi pay sahiblərindən biri olması ehtimalının yüksək olduğu) belə bir həssas məqamda xaos və qeyri-müəyyənliyə məruz qalmasına razı olmadıqları birmənalıdır.

Burada yeganə ciddi risk daha çox xarici amillərlə bağlıdır. Bir çox məsələlərdə qlobal güclərin arasında ciddi fikir ayrılıqlarının olması açıq-aşkar görünür. Türkiyəni aktiv olduğu siyasi sahələrin hamısından olmasa da bir hissəsindən geri çəkmək istəyən ciddi qlobal güclər də mövcuddur. Seçkilərdə dəyişiklik üçün çalışan da ən əsas həmin güclərin olduğu və olacağı görünməkdədir.

Türkiyə iqtidarının məhz bu ciddi riskləri qiymətləndirdiyi və neytrallaşdırmaq üçün ciddi addımlar atacağı da gözləniləndir. Seçki və manevrlər ustadı olan Türkiyə Prezidentinin mayın 14-nə qədər sözün yaxşı mənasında başgicəlləndirən manevrlərinin şahidi olacağımız ehtimalı da yüksəlir.

Hakimiyyətdə kimin olmasının qərarı və istəyi Türkiyə vətəndaşlarına məxsusdur, onların haqqıdır. İqtidar və müxailfət tərəfdarlarının hər birinin öz obyektiv və subyektiv əsasları var. Məsələ kimin seçilib kimin seçilməməsində deyil. Məsələ dünyanın bir çox nöqtələrinin barıt çəlləyinə çevrildiyi, bir çox məsələlərin (Rusiya-Ukrayna mühabirəsi) dalana dirəndiyi bir dövrdə ciddi dəyişikliklərin ciddi fəsadlar doğurma ehtimalının yüksək olmasıdır. Türkiyə üçün də, bölgəmiz üçün də, dünya üçün də. Məhz bu səbəbdən bu dəfəki seçkinin əhəmiyyəti, təsir dairələri və mümkün nəticələri öncəki seçkilərdən daha güclüdür.

Bizə isə Türkiyədə keçiriləcək qarşıdakı seçkilərin Türkiyə xalqı, Türkiyə dövləti, Türk birliyi, regionumuz və əlbəttə ölkəmiz üçün xeyirli olmasını arzulamaq düşür…

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər