“Türkiyə və BMT Rusiyadan kənd təsərrüfatı məhsullarının və ammonyakın bazarlara çıxması üçün möhkəm təminat istəyir”.
Bu barədə danışıqlardan xəbəri olan mənbə bildirib.
Onun sözlərinə görə, hazırda logistika, sığorta və ödəniş baxımından əngəllər var.
“İstərdik ki, Qərb ölkələrindən möhkəm zəmanətlər alınsın və bu, ictimaiyyətə açıqlansın”, – deyə agentliyin həmsöhbəti bildirib.
Mənbədən vurğulanıb ki, bu, Qara dəniz üzrə taxıl təşəbbüsünün rahat işləməsinə kömək edəcək.
Qeyd edək ki, “Taxıl müqaviləsi” martın 18-də başa çatır. Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bir müddət əvvəl Rusiya kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması ilə bağlı Ankaranın Vaşinqtondan zəmanət aldığını bildirib və ABŞ-ni onları ictimailəşdirməyə çağırıb.
Xatırladaq ki, 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.