Yenilənib:
Dollar (Bakı vaxtı ilə 11.40 radələrində) 23 Türk lirəsi, Avro isə 24.07 lirəyə qədər artmaqla yeni tarixi zirvələrə yüksəlib.
Banker.az xəbər verir ki, dollar ötən həftəni 20.92 lirə, avro isə 22.59 lirə ilə başa vurmuşdu. Son yüksəlişlərlə USD/TRY bu günə qədər həftənin ilk üç günündə 6.7% artıb.
Mehmet Şimşək həftə sonu xəzinə və maliyyə naziri təyin edilib. Sözügedən təyinat və nazir Şimşəkin ilk açıqlamaları bazarlar tərəfindən müsbət qarşılanıb.
Ərdoğanın yeni təyin etdiyi və ənənəvi iqtisadi qaydaları dəstəkləyən nazir Şimşək həftə sonu təhvil-təslim mərasimində verdiyi ilk açıqlamada, “Türkiyənin rasional əsasa qayıtmaqdan başqa çarəsi yoxdur” deyə bildirib. “İstənilən rifahın əldə edilməsində qaydalara əsaslanan Türkiyə iqtisadiyyatı əhəmiyyətli olacaq. Makro maliyyə sabitliyinə üstünlük verəcəyik”.
Şimşək şəffaflıq, ardıcıllıq, proqnozlaşdırıla bilinən və beynəlxalq normalara uyğunluğun əsas prinsiplər olduğunu çatdırıb.
Şimşekin təyin olunmasının təsiri ilə Borsa İstanbulda BIST 100 indeksi bazar ertəsi və çərşənbə axşamı 5.3% bahalaşıb.
Analitiklər xüsusilə seçki dönəmində sərbəst bazarla banklararası bazar arasında məzənnə fərqlərinin olduğunu və hazırda dollar/TL-nin bahalaşmasının bu fərqin bağlanması ilə bağlı olduğunu bildiriblər.
Qlobal bazarların gözü ABŞ FED-i və Avropa Mərkəzi Bankının (ECB) açıqlayacağı faiz qərarları gözlənilir. Analitiklər tərəfindən FED-in 14 iyunda 81.7% ehtimalla uçot dərəcəsini dəyişməz saxlayacağı qiymətləndirilir. Bankın son olaraq faiz dərəcəsini cari səviyyədən 25 bənd yuxarı təyin edəcəyi gözlənilir.
Nüfuzlu “JP Morgan” bankı isə Türkiyədə mərkəzi bankın uçot faiz dərəcəsini 8.5%-dən 25.00%-ə qədər kəskin artımının “masa üzərində” olduğunu bildirib. Əgər bu baş verərsə, TL üçün nəfəs dəlməyə imkan verə bilər. “Goldman Sachs” isə növbəti 12 ayda Türk valyutasının dollar qarşısında ucuzlaşaraq 28.00 lirə səviyyəsinə qədər enə biləcəyini ehtimal edib.