“Türkmənistan, Azərbaycan və İran arasında imzalanmış svop qaz tədarükü haqqında saziş çox əhəmiyyətlidir. Təbii qaz mübadiləsi sahəsində, 3 ölkə arasında birgə əməkdaşlıq komissiyası yaradılmalıdır”.
Bunu İran Prezidenti Seyid İbrahim Rəisi ilə telefon danışığında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib.
“Üç ölkə arasında qaz sahəsində yaxşı əməkdaşlıq qurulub və Türkmənistanla Azərbaycanın İran vasitəsi ilə bu sahədə iştirakını artırılması nəzərdə tutulub”, – İran Prezidenti qeyd edib.
Xatırladaq ki, bu ilin noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb. İmzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi iştirak edib.
Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.
Müddətsiz müqavilənin icrasına bu il dekabrın 22-də başlanılacaq.