Bu gün Qazaxıstan Respublikasında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA Şurasının iclasında iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə açılış nitqi söyləyən TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova xatırladıb ki, qurumun 2019-cu ildə Bakıda keçirilən 9-cu plenar iclasında təşkilata sədrlik Türkiyə parlamentindən Azərbaycan parlamentinə keçib.
Ötən dövrdə TÜRKPA-nın işinin səmərəli qurulması və gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Bu gün isə Qazaxıstan tərəfi TÜRKPA-ya sədrlik missiyasını öz üzərinə götürür.
Sədrliyi Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinə təhvil verən Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova həmkarına uğurlar arzulayıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında Azərbaycanın bu quruma sədrlik etdiyi dövrdə (dekabr 2019-sentyabr 2021) görülmüş işlərə dair məlumat verib.