Avropa İttifaqı (Aİ) liderləri 2026-2027-ci illərdə Ukraynanın dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilməsini təmin etmək imkanını nəzərdən keçirmək barədə razılığa gəliblər.
Bunu Polşanın Baş naziri Donald Tusk Aİ sammiti çərçivəsində açıqlayıb.
“Biz irəliləyişə çalışırıq və Rusiya aktivlərinin Ukraynaya istifadəsi Avropa üçün faydalı olardı. Lakin bir sıra ölkələr öz maraqlarını maksimum qorumağa çalışacaq”, – Tusk bildirib.
Onun sözlərinə görə, Aİ ölkələri ümumi niyyətlərini – Rusiya aktivlərinin Ukrayna üçün istifadəsini bəyan ediblər və bu fikirdən imtina ehtimalı azdır.
Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Avropada dondurulmuş 210 milyard avro aktivin 185 milyardı Belçikanın “Euroclear” depozitarisində saxlanılır. Brüssel bu vəsaitlərin Aİ planının icrası üçün istifadəsinə razılıq verəcəyi halda Rusiya tərəfdən hüquqi nəticələr doğuracağından ehtiyatlanır.







