8 C
Baku
Thursday, December 12, 2024

Tütün məmulatı sahəsində sahibkarların reyestri və icazə sisteminin tətbiqinin səbəbləri məlum olub

Tütün məmulatının idxalı və istehsalı sahəsində sahibkarların reyestri aparılması və icazə sisteminin tətbiqinə dair “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliklərin səbəbləri məlum olub.

Tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiq edilməsi, bu məqsədlə tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması mexanizmi cəmiyyətin maraqlarının, o cümlədən əhalinin sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.

Belə ki, ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatlarının sanitar-gigiyena normalarına uyğun gəlməməsi və bazarda mənşəyi məlum olmayan, aşağı keyfiyyətli malların satışı əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsi ilə yanaşı vergidən yayınma hallarının da geniş vüsət almasına səbəb olur.

Qeyd etmək lazımdır ki, icazə sisteminin tətbiqi bu sahədə fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcud sahədə rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına, istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına və yerli xammaldan istifadə perspektivlərinin yaranmasına xidmət edəcəkdir.

Tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında həyata keçirildiyindən və bu avadanlıqlara əsaslanan istehsal xəttinin qurulması böyük investisiya qoyuluşu tələb edir. Qeyd olunan avadanlıqlar əsasında 1 istehsal xəttinin quraşdırılması üçün 10 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur. Müəssisənin normal fəaliyyəti üçün bu avadanlıqlardan ibarət 2 istehsal xəttinin olması vacibdir. Göstərilən məbləğ yalnız texnoloji avadanlıqların qiymətini özündə əhatə etməklə yanaşı müəssisənin formalaşdırılması ilə əlaqədar digər xərcləri əhatə etmir.

Qeyd edilənləri nəzərə alaraq, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət vardır. Bu cür tənzimləmənin müəyyən edilməsi yerli tütün məmulatı istehsalçılarının beynəlxalq bazarda rəqabət qabiliyyətinin artmasına, ölkəyə qlobal çağırışlara cavab verəcək investisiyaların cəlbinə, rəqabətədavamlı istehsal prosesinin formalaşdırılmasına rəvac verməklə investisiya qoyuluşunun və əmək məhsuldarlığının artırılmasına səbəb olacaqdır.

Türkiyə qanunvericiliyində tütün məmulatı istehsalçısının illik istehsal potensialı siqaret üçün 2 milyard ədəd, digər tütün məmulatları üçün isə on beş tondan az olmayan, köməkçi texniki hissələr istisna olmaqla istifadə edilməmiş yeni avadanlıqları əhatə edən istehsal xəttinin quraşdırılması tələbi mövcuddur.

Tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq avadanlıqlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması tələbi istehsalda istifadə olunan avadanlıq və qurğuların beynəlxalq standartlara uyğun olmasını və beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalına təminat verən şəraitin formalaşdırılması məqsədi daşıyır.

Tütün məmulatlarının istehsalı prosesinin hər bir mərhələsində məhsulun tərkibi müəyyənləşdirilməli və insan sağlamlığı üçün zərərli maddələrin normalarına riayət edilməsi istiqamətində laborator sınaqlar keçirilməlidir. Məhsulu laborator sınaqdan keçirmiş istehsalçılar hər bir istehsal mərhələsində məhsulu keyfiyyət göstəriciləri üzrə sınaqdan keçirərək qüsurları vaxtında aşkar edir. Qeyd edilən səbəbdən keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyasının olması, belə laboratoriya olmadığı təqdirdə bu cür sınaqları aparacaq laboratoriya ilə bağlanmış müqavilənin olması əsas şərtlərdən biri kimi müəyyən edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər