“Twitter” saytdakı mavi quş loqosunu siba-inu iti ilə əvəz edib. Qeyd edək ki, bu it həm də İlon Mask tərəfindən dəstəklənən Dogecoin kriptovalyutası üçün loqo kimi istifadə olunur. Xəbərin fonunda kriptovalyutanın qiyməti 0.08 dollardan 0.1 dollara qədər artıb, lakin sonradan 0.09 dollara (+15.7%) korreksiya edilib.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
“Twitter”in əvvəlki loqosu 2012-ci ildən istifadə olunur. Sosial şəbəkənin rəhbərliyi dəyişiklikləri heç bir şəkildə izah etməyib və bu qərarın müvəqqəti olub-olmadığını dəqiqləşdirməyib.
Cənab Mask öz səhifəsində yalnız ondan “Twitter-i almağı və quş loqosunu itə dəyişməyi” xahiş edən istifadəçi ilə yazışmalarının skrinşotunu təqdim edib. “Söz verildiyi kimi”, – deyə milyarder qeyd edib.
İlon Mask “Twitter”i 2022-ci ilin oktyabrında 44 milyard dollara alıb. O, dərhal şirkət rəhbərliyini işdən çıxarıb və müxtəlif hesablamalara görə işçilərin 70-80%-ni ixtisar edib.