“Twitter” izləyici sayı 600 və daha çox olan istifadəçilər üçün səsli söhbət otaqları funksiyasını işə salıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Funksiya “Spaces” adını alıb və həm iOS, həm Android üçün əlçatan olub.
Bildirildiyi kimi, “otaqlarda” konkret istifadəçilərə və ya bütün izləyicilərə mesaj göndərmək mümkün olacaq. Səsli söhbət otağını açanlar qonaqlar dəvət edə, natiqləri seçə və qaydaları pozanları “otaqdan” kənarlaşdıra biləcəklər. Bundan əlavə, istifadəçilər “otaqlar” yaratmaq üçün taymer qurmaq imkanını əldə edəcəklər.
Qeyd edək ki, hal-hazırda “Twitter” yeni “Ticketed Spaces” funksiyası üzərində işləyir. Onun vasitəsilə şəbəkə biletlərin satışından komissiya alacaq.
Sosial şəbəkə səsli söhbət otaqları funksiyasını 2020-ci ilin dekabrında test etməyə başlayıb. Eyni zamanda oxşar funksiya üzərində “Slack”, “Spotify” və “Facebook” işləyir.