10 C
Baku
Friday, December 13, 2024

Uber heç bir qazanc əldə etmədən fəaliyyətini davam etdirə bilərmi?

Uber səhmdarları təmkinlə yatırdıqları investisiyalardan gəlir gözləyirlər – lakin şirkətin son hesabatına əsasən gözləmə müddəti bir qədər də uzana bilər.

2019-cu ilin üçüncü rübündə şirkətin gəlirləri əvvəlki illə müqayisədə 30 faiz artaraq 3,8 milyard dollara çatıb, bu, təhlilçilərin gözləntilərini üstələyən nəticədir.

Uber 1,2 milyard dollar həcmində xalis itki təqdim etdi, bu, bir il əvvəlki 986 milyon dollar dəyərində olan rəqəmdən daha böyükdür. Lakin bu itki əvvəlki rübdə qeydə alınan 5,2 milyard dollar dəyərində olan itkidən azdır.

İnvestorlar bu nəticələri necə qiymətləndirirlər?

Hamı üçün əlçatan texnologiya

Nəqliyyat xidməti üzrə proqram tətbiqi on ildir ki, bazardadır və evə çatdırma xidmətləri onun müştəri bazasını genişləndirib.

İstifadəçiləri bilavasitə xidmət təminatçılarına bağlayan texnologiya vaxtilə şirkətə böyük üstünlük verirdi, “Nəzarətsiz səyahətə: Uberin dünya hökmranlığı axtarışına daxildən baxış”(“Wild Ride: Inside Uber’s Quest for World Domination”) kitabın müəllifi Adam Leshinsky deyir.

Lakin belə üstünlük artıq mövcud deyil.

109536795 gettyimages 1178903611
Uber inqilabı sərnişinləri birbaşa taksi sürücüləri ilə bağlayaraq xərcləri azaltdı.

“Vaxt keçdikcə bu texnologiya – Uber-in üstünlüyünü zəiflədən taksi şirkətləri də daxil – demək olar ki, hamı üçün əlçatana çevrildi”, – BBC-yə danışan Adam Leshinsky deyir.

Hazırda Uber-in gücü, bəlkə də, onun “miqyası və istifadəsinin asan olmasındadır”.

Lakin burada bir zəif cəhət də var: Uber və onun Lyft kimi rəqiblərinin böyüməsinə zəmin yaradan formula, ucuz tariflərin subsidiyalarla təmin olunmasına əsaslanır.

Adam Leshinsky hesab edir ki, bu qəbildən olan şirkətlərin davamlı fəaliyyəti üçün belə iş qaydalarına son qoyulmalıdır.

Lakin bu, qiymət artımına və ola bilsin ki, müştəri bazasına da mənfi təsir göstərə bilər.

“Onların mənfəət əldə etməsi, genişlənmə hesabına baş verə bilər. Onlar artıq xərclərin ixtisarına çalışırlar, amma nə qədər çox iş görsələr, biznesin inkişafı da bir o qədər çətinləşə bilər”, – Leshinsky deyir.

“Onların hələ uzun müddət ərzində buna görə baş sındırmalarını görə bilərəm.”

Əmək mübahisələri

Uber, ödənişlər və daha önəmli məsələ olan, sürücülərin işçi hüquqlarına sahib olub-olmamaları ilə bağlı dünya boyunca tənzimləyicilər tərəfindən sorğu-sualla üzləşir.

109536797 gettyimages 1142552455
Uber əmək hüquqları və zəmanətlərlə bağlı həmkarlar ittifaqı və nəzarət qurumları tərəfindən sorğu-suala tutulur.

Şirkət əmək məsrəflərini artırarsa, bu onun gəlir əldə etmək məkanını da daraltmış olacaq.

İqtisadiyyat və beynəlxalq biznes üzrə Maryland Universitetinin eksperti hesab edir ki, bu, Uber-in rəqibləri üçün geniş fürsətlər yaradır.

“Həmişə elə birisi tapılacaq ki, həm sürücü, həm də istehlakçılar üçün daha əlverişli təklif irəli sürsün, bu da ümumi bazar payına öz təsirini göstərəcək”, – professor Peter Morici BBC-yə deyib.

“Düşünürəm ki, bu sahə hələ uzun müddət ərzində pul qazanmaq üçün çətin yer olaraq qalacaq.”

Uberin Avropada rəqiblərindən biri də eyni xidməti paylaşan sərnişinləri hədəfləyən Via şirkətidir.

Nəqliyyat əməliyyatları bir kənara qoyulsa, Uber-in baş ağrısının daha bir mənbəyi, onun itki ilə işləyən dörd bölməsidir. Onlardan biri, şirkət daxilində ikinci ən böyük bölmə olan Uber Eats-dir.

Şirkətin gəlirinin 17 faizi qida çatdırma xidmətinin payına düşür və üçüncü rübdə onun həcmi 64 faiz artıb.

Hərçənd ki, ötən ilə nisbətən itkilərin həcmi 67 faizədək çoxalıb.

Amazon modeli

Üçüncü rübdə şirkətin göstəricilərini açıqlayan Uber-in baş direktoru gəlir almaqda çətinlik çəkən texnologiya şirkətinin nümayəndəsi üçün, bəlkə də bir qədər, nikbin səslənirdi.

“Mənfəətlə bağlı gözləntilərin olduğunu bilirik və gözləyirik ki, 2021-ci ilədək onlar yerinə yetiriləcək”, – Dara Xosrovşahi deyib.

Bu, bəzilərində təəccüb doğura biləcək bir vəddir, lakin gələcək rəqabət qabiliyyətinə nail olmaq naminə iri investisiyalar yatıran başqa şirkətlər də olub.

Ən parlaq misal kimi Amazon göstərilə bilər. Bu şirkət 1994-cü ildə qurulsa da, 2001-ci ilə qədər gəlir əldə etməmişdi.

Onun itkiləri əsasən, tədarük-təchizat anbarları və biznesin təməlini təşkil edən infrastruktur yatırımları ilə əlaqədar olub.

Ancaq Uber-ə gəlincə, ekspertlər, məsrəflərin sadiq müştəri və gəlir üçün dayanıqlı model yaratdığını sual altına alır. Həm Morici, həm də Leshinsky-nin proqnozuna görə, gələcəkdə nəqliyyat bazarına daha çox şirkət girəcək və onların hamısı eyni məhsulu təklif edəcək.

“Bunun nə vaxt və ya hansı şəkildə baş verəcəyini bilmirəm, amma gələcəyin belə olacağına əminəm”, – Leshinsky deyir.

Son xəbərlər
Digər xəbərlər