3 C
Baku
Saturday, December 14, 2024

Uçot dərəcələri dəyişsə də, kredit faizləri azalmır

Ekspert: “Təkcə Mərkəzi Bankın fəaliyyəti ilə heç vaxt kredit faizləri aşağı düşməyəcək”

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini aşağı saldı. Qərar 30 iyul 2014-cü il tarixindən etibarən qüvvəyə minib. Belə ki, inflyasiyanın aşağı səviyyəsini, iqtisadi artıma təsir edən məcmu tələb amillərini, pul kütləsinin artım templərini nəzərə alaraq, habelə iqtisadiyyatın şaxələnməsinə, real sektorda investisiya, o cümlədən kredit fəallığının daha da yüksəlməsinə və iqtisadi artıma zəruri dəstək vermək məqsədilə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 4,25%-dən 3,5%-ə endirilməsi barədə qərar qəbul edib. Həmçinin, faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 6%-dən 5%-ə, aşağı həddi isə 0,5%-dən 0,1%-ə endirilib. Eyni zamanda bankların bütün depozitləri üzrə məcburi ehtiyat normaları 3%-dən 2%-ə endirilib. Xatırladaq ki, son 2 ay ərzində uçot dərəcəsinin azaldılması ilə bağlı olan 2-ci qərardır. Cari ilin 1 may tarixindən etibarən uçot dərəcələri 4.75%-dən 4.25%-ə qədər endirimişdi.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, uçot dərəcələrinin dəyişdirilməsi Mərkəzi Bankın kredit siyasətini tənzimləmə vasitələrindən biridir: “Uçot dərəcələri onun üçün tənzimlənir ki, bazarda iqtisadi aktivliyi artırmaq mümkün olsun. Əgər ölkədə inflyasiya səviyyəsi yüksəkdirsə, bu halda Mərkəzi Bank bir sıra addımlar atır ki, onlardan biri uçot dərəcəsinin artırılmasıdır. Bu halda kreditlər bahalaşır. Kreditlər bahalaşdığına görə də iqtisadiyyata yönələn pul resurslarının həcmində azalma baş verir. Azalmaya görə də inflyasiya düşür. Əksinə, iqtisadi aktivlik zəif olanda iqtisadiyyatı gücləndirmək üçün Mərkəzi Bank uçot dərəcəsini aşağı salır. Bu zaman kreditlər ucuzlaşır ki, sahibkarların kreditlərə əlçatanlığı asanlaşır. Çox pul iqtisadi aktivliyi artırır. Azərbaycanda bu məsələ nəzəriyyədə olduğu kimi deyil. ABŞ və Avropada uçot dərəcəsinin 0.25% azaldıb və ya artırılması kreditlərin faiz dərəcələrinə təsir göstərir. Amma Azərbaycanda bir neçə faiz dəyişdirilsə belə, kreditlərin faiz dərəcələrinə təsirini görə bilmirik. Qlobal böhranda Azərbaycanda uçot dərəcələri 15%-ə qədər qalxmışdı. Sonradan Mərkəzi Bank mərhələlərlə 2%-ə qədər azaltdı. Ancaq bunun kredit faizlərinə heç bir təsiri olmadı”.
Ekspert hesab edir ki, əslində, uçot dərəcəsi daha çox aşağı salınmalıdır: “Ölkədə uçot dərəcəsi ilə inflyasiya səviyyəsi arasında yüksək fərq ola bilməz. Bizdə iflyasiya 2% civarındadır. Uçot dərəcələri heç olmasa, 3%-ə qədər azaldılmalıdır. İndiki 3.5% faiz dərəcəsini müsbət dəyərləndirmək olar. Yəni, gələcəkdə bir qədər də aşağı düşmə imkanı var”.
Samir Əliyev uçot dərəcəsinin bu qədər ucuzlaşmasına rəğmən, kredit faizlərinin aşağı düşməsinə ciddi təsir edəcəyinə inanmır: “Düzdür, Mərkəzi Bakın atdığı son addımlar kredit fazilərinin aşağı salınmasına təsir göstərən addımlardır. Amma bu gün kredit faizlərinə təsir edəcək amillər başqa cəhətlərdir ki, onlar aradan qaldırılmalıdır. Yəni, təkcə Mərkəzi Bankın fəaliyyəti ilə heç vaxt kredit faizləri aşağı düşməyəcək. Başqa amilər isə bankdan kənar amillərdir”.
Müsahibimiz əlavə etdi ki, uçot dərəclərinin aşağı salınmasında Mərkəzi Bankın öz əsaslandırması var: “Mərkəzi Bankın əlində bütün bank sektorundakı real vəziyyət olur. Əllərində olan məlumatlar əsasında qərar qəbul edə bilirlər. Bundan sonra uçot dərəcələrinin azaldılması inflyasiyadan asılı olacaq. Əgər inflyasiya dərəcəsini indiki həddə saxlamaq mümkün olarsa, yəqin ki, uçot dərəcələrinin 3%-ə qədər düşməsi istisna edilmir. Amma inflyasi səviyyəsində artım baş verərsə, uçot dərəcələrinin artmasını görə bilərik. İndi yay aylarıdır. Qiymətlərin aşağı olan vaxtıdır. Amma payıza doğru qiymətlərin artması ehtimal olunur. Eyni zamanda, başqa amil odur ki, bu il siyasi sabitlikdir. Qiymət artımları daha çox seçki dövründə baş verir. Çünki, dövriyyəyə çoxlu pullar buraxılır. Gələn il bizdə həm olimpiya oyunları olacaq, həm də parlament seçkiləri var. Bunların inflyasiyaya təzyiqi mümkündür. Ona görə də istisna edilmir ki, gələn il inflyasi daha çox olacaq. Bu da o deməkdir ki, gələn il uçot dərəcələri bir qədər artırılsın”.

Mövqe.az

Son xəbərlər
Digər xəbərlər