“Ukraynanın özünümüdafiə hüququna dəstəyimiz hər hansı konkret döyüşün nəticəsindən asılı deyil”.
Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu gün Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında çıxışı zamanı deyib.
“Sentyabrın əvvəlində sonuncu dəfə görüşümüzdən bəri hamımız Ukraynanın döyüş meydanında fövqəladə nailiyyətlər əldə etdiyini müşahidə edirik. Putinin yeni hücumlarına baxmayaraq, Ukrayna qüvvələri müharibənin dinamikasını dəyişib. Onlar yüzlərlə şəhəri işğaldan azad edərək minlərlə kvadrat kilometr torpaqları geri alıblar”, – Ostin bildirib.
Pentaqon rəhbəri bu qələbələrin Ukrayna hərbçilərinə məxsus olduğunu vurğulayaraq Təmas Qrupunun təhlükəsizlik yardımlarının və təlimlərin də həyati əhəmiyyət kəsb etdiyini deyib.
“Biz birlikdə çalışaraq böyük irəliləyiş əldə etmişik. Müharibə dəyişdikcə Təmas Qrupunun missiyası da dəyişib. Keçən ay görüşdə Təmas Qrupu Ukraynanın özünümüdafiəsinə dəstəyi uzun müddət davam etdirməyi öhdəsinə götürdü. Etdiyimiz də məhz budur. Çünki bizim Ukraynanın özünümüdafiə hüququna dəstəyimiz hər hansı konkret döyüşün nəticəsindən asılı deyil. Ukraynanın müdafiəçilərinə dəstək olmaq əzmimiz davam edir. Təmas Qrupu bu məsələdə həmrəy və qətiyyətlidir. Biz bu günün təcili ehtiyacları və uzunmüddətli perspektiv üçün Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə davam edəcəyik”, – Pentaqon rəhbəri qeyd edib.