Ukrayna bu həftə Türkiyə və BMT-yə Qara dənizdə “Taxıl sazişi”nin müddətinin uzadılması ilə bağlı danışıqlara başlamaq üçün müraciət edəcək.
Bu barədə Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov müsahibəsində deyib.
O bildirib ki, Ukrayna sazişin ən azı bir il uzadılmasını və sazişə Nikolayev limanlarının da daxil edilməsini istəyəcək.
“Sazişin uzadılması üzərində işləməklə bağlı bu həftə bizdən rəsmi təklif göndəriləcək. Biz sazişin 120 gün yox, ən azı bir il uzadılmasını istəyəcəyik, çünki Ukrayna və qlobal kənd təsərrüfatı bazarı ixrac həcmini uzunmüddətli perspektivdə planlaşdıra bilməlidir”, – Vaskov bildirib.
Onun sözlərinə görə, daha əvvəl Türkiyədə keçirilmiş sazişlə bağlı danışıqların dəqiq tarixi hələ müəyyən edilməyib.
Ukraynalı rəsmi əlavə edib ki, ölkəsi yoxlanışı gözləyən gəmilərin yığılmasını aradan qaldırmaq üçün yoxlama qruplarının sayının artırılmasını da tələb edəcək.
Qeyd edək ki, Kiyev dəfələrlə Rusiyanı Ukrayna kənd təsərrüfatı mallarını daşıyan gəmilərin təftişini gecikdirməkdə ittiham edib, bu da daşınmaların azalmasına səbəb olub.
Rusiya tərəfi bu ittihamları rədd edərək, “Taxıl sazişi” üzrə bütün öhdəliklərini yerinə yetirdiyini bildirib.
Vaskov müsahibədə qeyd edib ki, noyabr ayından yoxlamalarla bağlı vəziyyət dəyişməyib və Rusiya tərəfdən cəmi üç yoxlama qrupu var.
“Heç bir müsbət dəyişiklik yoxdur. BMT, Türkiyə və Ukrayna lazım gələrsə, gündə 40 yoxlama keçirməyə hazırdır və belə bir ehtiyac da var – 140-a yaxın gəmi yoxlama gözləyir”, – o bildirib.