12 C
Baku
Saturday, November 23, 2024

“Ümid-1″ platformasında hasilatın gücü artırılıb

“Ümid” qaz-kondensat yatağında yerləşən “Ümid-1 platformasından hasilatın sürətləndirilməsi” layihəsi çərçivəsində nəql infrastrukturunda olan məhdudiyyətlər aradan qaldırılaraq platformanın gündəlik hasilat gücü 8.1 mln. kubmetrə çatdırılıb.

Bu barədə SOCAR-ın illik hesabatında (2022-ci ilin nəticələrinə görə) bildirilir.

Hesabata əsasən, bu layihə çərçivəsində “Ümid-1” platformasında yenidənqurma işləri, dənizdə 20 nəql kəmərinin tikintisi, “Daşgil-2” terminalının baypas hissəsinin tikintisi, quruda 40 qaz nəql kəmərinin tikintisi və Səngəçal Baş Qurğularında UBOC Əməliyyat Şirkətinə məxsus sahədə qaz qəbul infrastrukturunun tikintisi işləri icra edilib.

Qeyd olunur ki, U1-20 və U1-22 saylı quyuların istismara verilməsi ilə platforma tam gücünə çatdırılması nəzərdə tutulub.

Sənəddə bildirilir ki, ötən il “Ümid” yatağının şimal qanadında qalıq ehtiyatların işlənməyə cəlb edilməsi və eləcə də cənub qanadına kəşfiyyat/qiymətləndirmə quyularının qazılması məqsədilə “Ümid-2” platformasının tikintisi üçün layihələndirilmə işləri davam etdirilib.

Bununla yanaşı, Platformadan ilk hasilatın daha erkən əldə edilməsi üçün müvafiq optimallaşdırma işləri aparılıb. “Ümid” yatağından və gələcəkdə “Babək” strukturundan hasil olunacaq məhsulun ilkin emalının həyata keçirilməsi məqsədilə yeni “Daşgil” Terminalının layihəsi üzərində işlər davam etdirilmişdir. Babək perspektiv strukturunda kəşfiyyat quyusunun layihəsi üzrə işlər davam etdirilmiş, burada qazma işlərinə start verilməsi nəzərdə tutulur.

“Ümid” yatağının kəşfi 24 noyabr 2010-cu ilə təsadüf edir. O, Azərbaycanın müstəqillik dövründə SOCAR tərəfindən kəşf edilən ilk qaz-kondensat yatağı kimi tarixə düşüb. “Ümid” perspektivli struktur kimi 1953-cü ildə Azərbaycan geoloqları tərəfindən aparılan kəşfiyyat işləri zamanı müəyyən edilib.

“Ümid” yatağı Xəzər dənizi akvatoriyasında, Bakı şəhərindən 75 km cənubda yerləşir. Sahəsi 45 km² olan strukturun ərazisində dənizin dərinliyi 40-60 metr aralığındadır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər