11 C
Baku
Thursday, May 16, 2024

Unibank depozit bazarında cəlbedici görünmək istəyir

“Unibank Kommersiya Bankı” ASC müddətli əmanətlərinin faizlərini qaldıraraq bazarda cəlbedici görünmək istəyir və bununla yeni vəsaitini hədəfləyir.

Banker.az xəbər verir ki, bank “Müddətli” əmanətinin faizlərini son həftə ərzində 10%-dən 11%-ə qədər artırıb. 11% dedikdə illik olmaqla 24 ay müddətinə olan depozitlərə aid edilir. O, bir il üçün illik faiz dərəcəsini 10%-dən 10.5%-ə qaldırıb, 1 ildən aşağı hissəsinə hazırda 9-10% diapazonunda illik gəlirlilik təklif edir.

Kredit təşkilatı bir neçə ildir əksər banklardan daha yüksək depozit faizləri tətbiq edir ki, bazarda mövqe qursun, kredit vermək üçün vəsait olsun. 2022-ci ilin sonuna olan göstəriciyə görə, bankın 989.74 milyon manatlıq depozitlərinin cəmi 441.86 milyon manatı tələblidir. Qalanı isə bank üçün müddətlər üzrə faiz xərcidir. Bank ötən il də uzunmüddətli depozitlərin cəlbində böyük artıma nail ola bilmədi. Banka depozit yatıranların əksəriyyəti qısa müddət – bir ildən aşağı depozitlər yatırmağı üstün tutmuşdular.

Bankın likvidlik riski hesabatında, onun 547.88 mln. manatlıq müddətli depozitlərinin 93%-dən çoxu, yaxud 512.24 mln. manatı 1 ildən aşağı müddətə cəlb edilən depozitlərdir.

Bank əksər hallarda depozitləri cəlb edərkən onları əsas fəaliyyət istiqaməti olan kreditlərə yönəldir. Yoxsa, müştəridən cəlb edilən 11%-lik depozitləri kapital bazarında (düzdür az risklidir) aşağı gəlirli qiymətli kağızlarına yönəltməsi gəlirlilikdənsə xərcə çevrilə bilər.

“Unibank” fiziki şəxslərdən depozit cəlb edir, elə böyük hissəsini fiziki şəxslərə kredit kimi verir. Ötən il kreditlərində istehlak kreditlərinin payını bir qədər də yüksəltdi. Belə ki, bankın 889.59 mln. manatlıq kredit portfelinin 547.21 mln. manatı istehlak, yəni fiziki şəxslərə verdiyi kreditlər idi. Bankın istehlak kreditləri 26% artarkən, biznes kreditləri 13% artım göstərdi.

Qeyd edək ki, bank öncəki illərdə ard-arda zərər etdiyindən, 1 yanvar 2023-cü il tarixinə balansında 35.04 mln. manat yığılmış zərəri var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər