ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan “United Airlines” 100 ədəd “Boeing 787 Dreamliner” geniş gövdəli sərnişin təyyarəsi və 100 ədəd “Boeing 737 MAX” dar gövdəli təyyarə alacaq.
Bu barədə “Reuters” agentliyi aviaşirkətin nümayəndələrinə istinadən məlumat yayıb.
Təyyarənin kataloq qiymətləri ilə dəyəri təqribən 43 milyard ABŞ dolları təşkil edir. Agentliyin məlumatına görə, “Boeing 787”lər köhnə, daha az enerjiqənaətli “Boeing 767” və “Boeing 777”lərin dəyişdirilməsi proqramı çərçivəsində 2024-2032-ci illər arasında tədarük edilməlidir. Təyyarələr uzaq məsafəli marşrutlarda istifadə olunacaq.
Eyni zamanda, aviaşirkətin nümayəndələri daha əvvəl elan edilmiş 45 ədəd “Airbus A350” təyyarəsinin alınmasının ən azı 2030-cu ilə qədər təxirə salınacağını bildiriblər.
“Boeing”dən isə bildirilib ki, bu, “Boeing 787” modelinin istehsalına başlanandan bəri sözügedən model üzrə ən böyük sifarişdir.