6 C
Baku
Sunday, December 15, 2024

Universitet məzunlarına məsləhət: ¼ böhranına necə qalib gəlmək olar?

Hər birimiz uşaq olarkən tez bir zamanda böyüməyi arzulayırdıq. Və budur bizim uşaqlıq arzumuz gerçəkləşib, lakin bu zaman bir çoxları qorxu, nigarançılıq, stress və boşluq hissi yaşayır.

Tezliklə ölkə üzrə çox sayda tələbə məzun adını qazanacaq və artıq sözün əsl mənasında “böyük” həyata başlayacaqlar. Lakin heç də hər bir məzun həyatdakı öz yerini asanlıqla tapa bilmir. Belə ki, məzun olduqdan sonra həyatın heç də onların təsəvvür etdikləri “çəhrayı” rəngdə olmadığını və məqsəd və arzuları üçün sözün əsl mənasında mübarizə aparmalı olduqları faktını dərk edirlər. Bu zaman isə psixoloqların “həyatın dörddə biri” böhranı başlayır.

Böhran zamanı ideya çatışmazlığı ilə yanaşı, bu böhrandan xilas olmaq üçün hər hansı bir tədbir görməyə qarşı həvəssizlik də ön planda olur. Elə təəssürat yaranır ki, bütün şanslar əldən verilib.

Eyni həyəcan və narahatlıq hissini yaşamaqda tək deyilsiniz. “Həyatın dörddə biri böhranı” termini isə psixologiyada bu sahə üzrə mütəxəssis belə olmayan Aleksandra Robbins və Ebbi Uilner sayəsində peyda olub. Onlar təsadüfən bu faktın fərqinə varırlar ki, cari olaraq eyni narahatlıqları yaşayırlar və bunun nəticəsində “Həyatın dörddə biri böhranı: 20 yaşlarından olanlar üçün unikal həyati sınaqlar” kitabı yazılır.

Gəncləri narahat edən əsas sual “Nəyi seçim?-dir. Karyera qurum? Belə olduqda şəxsi həyatım və ailəmə ayıracaq vaxtım qalmayacaq. Özümü ailəmə həsr edim? Bu zaman isə özümütəkmilləşdirmək şansım olmayacaq, üstəlik maliyyə problemləri yaranacaq.

Böhranın yaranma səbəbləri:

Varlıdır – deməli uğur qazanıb

Cəmiyyət və kütləvi informasiya vasitələri uğur qazanmış 20 yaşlı gənc stereotipi formalaşdırıb. Yardılan bu stereotipə əsasən bu 20 yaşlı gənc yüksək mənəvi prinsipləri ilə seçilməklə yanaşı, 20 yaşında artıq sərvətə də nail olub… Cəmiyyətdə uğur göstəricisi maddi vəziyyət ilə ölçüldüyü bir zamanda 30 yaşlı gənclərin özlərini təminatsız hiss etmələri və bununla bağlı kompleklərə sahib olmaları heç də təəccüblü deyil. Bununla yanaşı bir çoxları qısa zaman ərzində varlanmağın mümkün olduğu ideyası ilə yaşayır və bunu reallaşdırmaq üçün heç bir şey etmirlər. Özünü doğrultmayan gözləntilər ilə real həyat arasında əks mövqe son nəticədə xəyalların suya düşməsi ilə nəticələnir.

Valideynlərin təzyiqi:

Valideynlərimiz hər zaman bizim üçün əvəzsiz avtoritet olaraq qalırlar. Belə ki, onlar bizim üçün nəyin daha yaxşı olduğunu bilirlər. Lakin heç də həmişə onların qayğısı bizim xeyrimizə olmur. Çünki valideynlərimizin planlarını həyata keçirərkən öz arzularımızdan imtina etmiş oluruq.

İnformasiya məkanı:

Sosial şəbəkələr bizi bir-birimizə yaxınlaşdırıb. Real zamanda qonşumuzun səhər yeməyində nə yediyini, məktəb dostumuzun özünə hansı avtomobili aldığını, kilometrlərlə uzaqda yaşayan uzaq qohumun hansı professional zirvələri fəth etdiyinizi asanlıqla öyrənmiş oluruq. Bu zaman şüuraltımız bizim əleyhimizə işləməyə başlayır. İstəmədən özümü – görünüşümzü, səyahətlərimizi, ixtisasımızı, nailiyyətlərimizi digər insanlarla müqayisə etməyə başlayırıq. Və bu müqayisədən əldə etdiyimiz nəticələr heç də həmişə könlümüzcə olmur. Böhran vəziyyətində kiçik narahatlıq depressiv vəziyyətə qədər böyüyə bilər.

Bəs bu böhrandan necə çıxa bilərsiniz?

Bu yaşda nəyə sahib “olmalı” olduğunuzu unudun:

Unutmayın ki, heç kəsə heç nə sübut etmək məcburiyyətində deyilsiniz. Əgər həyatınız başqalarının həyat haqqında təsəvvürləri ilə uyğun gəlmirsə, bu o demək deyil ki, sizin həyatınız yanlışdır. Bu o deməkdir ki, sizin dəyər sisteminiz fərqlidir və bunu heç kəsə sübut etməyə məcbur deyilsiniz. Bir dəfə yaşayırsınız, bu səbəbdən sizin üçün nəyin vacib olduğuna özünüz qərar verin.

Kim olmaq istədiyinizi və necə yaşamaq istədiyinizi anlamağa çalışın:

Bu böhranın əsa səbəblərindən biri ondan ibarətdir ki, gələcəyinizi aydın olaraq təsəvvür etmirsiniz. “Çəhrayı eynəklərinizi” çıxarın və gələcək fəaliyyətiniz üçün ilkin plan tərtib edin. Bu ilkin plana ilk olaraq təhsilinizi davam etdirib-etdirməyəcəyiniz, cari bacarıqlarınızla iş əldə etməyə çalışmaqla bağlı cəhdləriniz də mütləq olaraq daxil olmalıdır.

Öz gücünüzə inanın:

Real həyat qarşısında özünü boşluqda və qorumasız hiss edən gənclər düşünülməmiş addımlar ata bilərlər. Bura zərərli vərdişlərlər yanaşı, lazımsız xərclər də daxildir. Sizə məmnunluq qazandırmayan məhsullara və xidmətlərə pul xərcləmək vərdişindən xilas olun, faydalı bacarıq və yeni biliklər qazandırmayacaq insanlarla ünsiyyətdən yayınmaqda fayda var.

Unutmayın ki, hər şey bir gündə yoluna düşmür:

Təbii ki, hər kəs əlinin bir hərəkəti ilə bütün işlərini və problemlərini həll etməyi arzulayar. Müəyyən məqsəd və planları gerçəkləşdirmək üçün sizdən bir müddət səbr etməyiniz tələb olunacaq. Bundan əlavə, eyni anda bir neçə işi görməyə çalımaq da düzgün seçim deyil. Bu son nəticədə uğursuzluğa gətirib çıxara bilər. Bu səbəbdən də həyatınızda dəyişiklikləri pillə-pillə və hər mərhələdə cari vəziyyətinizi təhlil edərək edin.

Bir faktı unutmayın ki, bu böhranın ömrü uzun deyildir. Böyük nəslin hər bir nümayəndəsi sizinlə eyni hisləri yaşayıb və hazırda həmin dövrü təbəssümlə qarşılayır. Bir müddət sonra siz də həmin dövrü eyni formada xatırlayacaqsınız. Hər şey keçicidir.

Hər birimizin ixtisas, həyat yoldaşı, ünsiyyət qurduğu dostlar, tərz seçmək hüququmuz var. Bu seçimlər müstəsna olaraq arzu və göstərdiyiniz səylərdən asılıdır. Yaşa dolduqda gənckən etdiyimiz seçimlərə görə heyfslənə bilərik. Lakin unutmayın ki, dəyişmək heç zaman gec deyildir. Böhrandan uğurla çıxan hər kəs etiraf edir ki, bu böhran onların həyatdakı yerlərinə tapmaq üçün mütləq idi.  Bu dövr onlara özlərini daha yaxşı tanımağa, arzu və gerçəkliklər arasında seçim etməyə, gərəksiz stereotiplərdən qurtulmağa kömək edib.

İnsanın həyatdakı yolunu tapması – xoşbəxtliyin özüdür. Lakin buna zaman tələb olunur. Belə isə, axtarışlara indidən başlayın. Uğurlar!

 

Son xəbərlər
Digər xəbərlər