“Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın müddəaları Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan ilə Azərbaycan arasında münasibətlər normallaşana qədər Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, Azərbaycan Konvensiyanı 18 yaşınadək uşaqlara münasibətdə valideyn-uşaq münasibətlərindən yaranan aliment öhdəliklərinə tətbiq edir. Qeyd edək ki, Konvensiya 21 yaşınadək şəxslərə münasibətdə valideyn-uşaq münasibətlərindən irəli gələn aliment üzrə öhdəliklərə tətbiq olunur, ancaq Konvensiyaya görə razılığa gələn dövlət bunun tətbiqini 18 yaşına çatmamış şəxslərlə məhdudlaşdırmaq hüququnu özündə saxlaya bilər.
Mərkəzi icra orqanları arasında hər hansı digər əlaqələrin həyata keçirilməsi zamanı fransız dilindən istifadə olunmasından imtina edir. Belə hər hansı digər əlaqələr Azərbaycan və ya ingilis dillərində həyata keçiriləcək. Tərəf dövlətlər beynəlxalq sazişlərin bağlanması daxil olmaqla, valideyn (valideynlər) və ya digər məsuliyyətli şəxslərdən, xüsusilə belə şəxslər uşağın yaşadığı dövlətdən fərqli dövlətdə yaşadıqları halda uşaqlara görə alimentin tutulmasının təmin edilməsi üçün bütün zəruri tədbirləri görməlidirlər.
Qeyd edilib ki, Konvensiyanın məqsədi xaricdə uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydasının səmərəli təmin edilməsidir. Bu aşağıdakı vasitələrlə təmin edilməlidir:
– razılığa gələn dövlətlərin orqanları arasında hərtərəfli əməkdaşlıq sisteminin yaradılması;
– aliment barədə qərarların verilməsi haqqında müraciətlərin verilməsi üçün imkanların yaradılması;
– aliment barədə qərarların tanınması və icrasının təmin edilməsi
– aliment barədə qərarların qısa müddətdə icrası üçün səmərəli tədbirlərin tələb edilməsi.
Razılığa gələn dövlətlərə, o cümlədən beynəlxalq sazişlərin köməyilə aliment qismində ödəniləcək vəsaitlərin köçürülməsi üzrə maksimum qənaətcil və səmərəli üsulların təşviq olunması tövsiyə edilir.