Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus “MV Hondius” kruiz gəmisində başlayan hantavirus infeksiyası ilə bağlı son vəziyyəti açıqlayıb.
Bu barədə TASS agentliyi məlumat yayıb.
ÜST rəhbəri bildirib ki, virusun uzun inkubasiya dövrü ilə əlaqədar olaraq yaxın günlərdə yeni yoluxma hallarının qeydə alınması ehtimalı yüksəkdir:
“Lakin bu halların xəstəliyin geniş yayılması əlaməti kimi qəbul edilməməsi çox vacibdir. Sərnişinlərin öz ölkələrinə qayıtdıqdan sonra karantinə alınması və müvafiq testlərdən keçməsi səbəbindən yaxın günlərdə daha çox yoluxma faktı aşkarlana bilər. Lakin hazırda bu, xəstəliyin sürətlə yayıldığı anlamına gəlmir”.
Xatırladaq ki, hantavirusun yayılması mayın 4-də Argentinadan Kabo-Verdeyə üzən “MV Hondius” laynerində sərnişinlər arasında ağır tənəffüs xəstəliyi simptomlarının görünməsi ilə məlum olub. Son məlumatlara görə, 11 yoluxma halı qeydə alınıb, onlardan 3-ü ölümlə nəticələnib.







