10 C
Baku
Thursday, December 12, 2024

Vəkil generalın oğluna vurduğu yarım milyon manatlıq ziyanı ödəyib

Həbsdə olan ləğv edilmiş MTN generalı Mövlam Şıxəliyevin ailəsinə qarşı 510 min manatlıq dələduzluqda təqsirləndirilən tanınmış vəkil Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə hazırlıq iclası keçirilib.

İclasda qeyd edilib ki, E.Qəmbərov general Şıxəliyev həbs olunan zaman onun oğlu Elgün Şıxəliyevdən 510 min manat pul alıb. İttihama görə, vəkil bu pulun qarşılığında sabiq “MTN-çi”ni həbsdən buraxdıracağına dair vəd verib. Lakin sonradan vədinə əməl etməyib.

Qeyd edək ki, M.Şıxəliyev MTN-də idarə rəisi olarkən törətdiyi qanunsuzluqlara görə, 12 il həbs cəzası alıb.

Bugünkü prosesdə Elçin Qəmbərovun vəkili Leyla Namazzadə prosesin qapalı keçirilməsi və Qəmbərovun ev dustaqlığına buraxılmasına dair vəsatət verib. Hakim hər iki vəsatəti rədd edib. Belə ki, cinayət əməli şəxsin peşə fəaliyyətinə və xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğu əsasıyla vəsatətlər təmin edilməyib.

Daha bir vəsatət isə Qəmbərovun özü tərəfindən verilib. O, saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasından Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürülmək istədiyini deyib. Hakim vəsatəti təmin edib.

Bundan başqa məhkəmədə Elgün Şıxəliyevin göndərdiyi ərizə də elan edilib. Ərizədə göstərilib ki, Elçin Qəmbərov Şıxəliyevlərə vurduğu ziyanı tam ödəyib və ailənin ona qarşı heç bir iddia tələbi yoxdur.

Proses martın 7-də davam etdiriləcək.

Elçin Qəmbərov “Mərkəz” Vəkil Bürosunun rəhbəridir. Onun ittiham olunduğu CM-nin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular. MTN generalları Nizami Şirinov və Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər 2021-ci ilin aprelində cinayət məsuliyyətinə cəlb olunublar. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şıxəliyev haqqında 12 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Uzun illər MTN-nin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Şıxəliyev hökmdən apellyasiya şikayəti verib. Hazırda onun da işinə Bakı Apellyasiya Məhkəməsindən baxılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər