15 C
Baku
Thursday, May 2, 2024

Vətəndaş müharibələri, Çinin hegemonluğu və dolların zəifləməsi: milyarder Rey Dalionun proqnozları

Dünyanın ən böyük hedc-fondu olan “Bridgewater Associates”in təsisçisi Rey Dalio deyir ki, sərmayə qoyma sahəsində 50 ildən çox təcrübədən sonra o, gələcəyi proqnozlaşdırmaq üçün tarixi öyrənməyin nə qədər faydalı olduğunu dərk edib. Milyarderin ssenarilərinə görə, yaxın gələcəkdə ABŞ-da vətəndaş müharibəsi baş verəcək, dünyada geosiyasi gərginlik artacaq, 2023 və 2024-cü illərdə isə vəziyyət daha da pisləşəcək.

72 yaşlı quru Rey Dalio illərdi ABŞ-da artan vətəndaş müharibəsi təhlükəsindən danışır. 2019-cu ildə o, ucuz pulun çoxluğu ilə varlılar və kasıblar arasında qarşıdurma riskinin artdığı, nəticədə inqilabi vəziyyətin yarandığı barədə xəbərdarlıq etmişdi. 2021-ci ildə investor vətəndaş müharibəsi ehtimalını 30% olaraq qiymətləndirmişdi, eyni zamanda iqtisadi bərabərsizlik problemini təcili həll etməyin zəruriliyindən danışmışdı. LinkedIn-dəki son yazısında Dalio, Amerikanın “vətəndaş müharibəsinə” doğru getdiyini təkrarladı.

“Fortune India” jurnalına verdiyi son müsahibədə Rey Dalio dünyada, xüsusən də Tayvan, Ukrayna və İraq ətrafında artan geosiyasi gərginliyi də vurğulayıb. Eyni zamanda o, əsas təhlükənin məhz vətəndaş münaqişələri olduğunu təkid edir: “Tarix bizə beş növ müharibənin olduğunu öyrədir: ticarət, texnoloji, geosiyasi, kapital və silahlı qüvvələrin istifadəsi ilə olan real müharibələr. Düşünürəm ki, real silahlı müharibənin baş vermə ehtimalı çox da yüksək deyil, çünki bu, fəlakət olardı. Tayvan məsələsi hər an partlaya biləcək barışmaz münaqişə kimi görünsə də, ən böyük müharibələr dövlətlər arasında deyil, ölkələrin daxilində baş verəcək”.

Həqiqəti itirmək və güzəştə getməmək

Ölkə daxilindəki münaqişələrə gətirib çıxara biləcək iqtisadi şərtlərdən əlavə, Dalio tərəflərin hər biri nəyin bahasına olursa-olsun qalib gəlməyə çalışdıqda cəmiyyətdə artan antaqonizmi qeyd edir. Bu vəziyyətdə o, yüksək inflyasiya və gəlir fərqinə görə məsuliyyət daşıyan böyük ölkələrin siyasətçiləri və mərkəzi bankları, o cümlədən həqiqətin “itirilməsinə” səbəb olan media və sosial şəbəkələri günahlandırır.

Dalionun fikrincə, mediada reallığın təhrif edilməsi və təbliğatın aparılması insanların həqiqətin necə olduğunu bilməməsinə, daha çox qütbləşməsinə, emosional və siyasi motivli olmasına gətirib çıxarır. “Gallup” sorğusunun nəticələrinə görə, 2021-ci ildə Amerika vətəndaşlarının mediaya inam səviyyəsi agentliyin bu cür hesablamalar aparmağa başladığı 1972-ci ildən bəri ən aşağı səviyyədə olub. Respondentlərin cəmi 7%-i mediaya tam etibar etdiyini, 34%-i isə ümumiyyətlə etibar etmədiyini bildirib. Dalio yazır: “Hətta çox bacarıqlı və güclü insanlar mediadan çox qorxurlar və vacib məsələlər haqqında açıq danışmağa çəkinirlər”.

Bunun fonunda o qeyd edir ki, insanlar qaydalara daha az tabe olurlar və getdikcə birbaşa mübarizəyə meyllidirlər: “İnsanların ehtirasla müdafiə etdiyi ideyalar onlar üçün sistemdən vacib olduqda, bu sistem təhlükə altında olur. Qaydalar və qanunlar yalnız kristal kimi şəffaf olduğu halda işləyir və insanların çoxu onları güzəştə getmək üçün kifayət qədər dəyərli hesab edir. Nəyin bahasına olursa olsun qələbə əsas məqsədə çevrildikdə, qeyri-etik mübarizə üsulları geniş vüsət alır. Hamı mübarizə aparanda və heç kim güzəştə getməyə hazır olmayanda sistem vətəndaş müharibəsi/inqilab astanasında olur”.

Kapitalizm islahatı

Dalionun bəhs etdiyi müasir kapitalist sistemin qeyri-sabitliyi təkcə onun şəxsi fikri deyil. “Microsoft”un CEO-su Satya Nadella da kapitalizmdə islahatların aparılması zərurətindən danışıb. O, kapitalizm prinsipinin yenidən nəzərdən keçirilməsinə və bu məsələ ilə bağlı referendumun keçirilməsinə çağırıb. Dünya İqtisadi Forumunun təsisçisi və prezidenti Klaus Şvab islahatların olmamasının inqilablara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Harvardın iqtisadiyyat professoru Rebekka Henderson bu haqda hətta kitab yazıb: “Kapitalizm odun içində. Effektiv iqtisadi sistemi necə insani etmək olar”.

ABŞ-da vətəndaş müharibəsi haqqında söhbətlər demək olar ki, əsas cərəyana çevrilib – yanvarda “The New Yorker” jurnalında “Bizi vətəndaş müharibəsi gözləyirmi?” başlığı ilə məqalə dərc olunub.

Bu yaxınlarda Harvard Universitetində 18-29 yaşlı amerikalılar arasında keçirilən sorğu göstərib ki, onların 52%-i ölkədə demokratiyanın təhlükə altında olduğuna inanır, 35%-i isə sağ olduqları müddətdə ABŞ-da vətəndaş müharibəsinin başlaya biləcəyini etiraf edir.

Apokalipsisin altı mərhələsi

Yeni “Dəyişən dünyada həyat prinsipləri: niyə ölkələr inkişaf edib dağılırlar” (Principles for Dealing with the Changing World Order: Why Nations Succeed and Fail) kitabında Dalio “nizamdan nizamsızlığa və geriyə inkişafın arxetipik dövrü”ndə altı mərhələni təsvir edir:

1-ci mərhələ: yeni nizam başlayır, liderlər hakimiyyəti konsolidasiya edir;

2-ci mərhələ: resurs bölgüsü sistemləri və bürokratik institutlar formalaşır;

3-cü mərhələ: sülh və firavanlıq bərqərar olur;

4-cü mərhələ: xərclər və borclar yığılır, siyasi parçalanma baş verir;

5-ci mərhələ: əlverişsiz maliyyə şəraiti yaranır, münaqişələr şiddətlənir;

6-cı mərhələ: müharibələr, inqilablar, vətəndaş qarşıdurmaları başlayır, hər şey birinci mərhələyə qayıdır.

Rey Dalio “LinkedIn” bloqunda yazıb ki, Amerika cəmiyyəti bütün əlamətlərə görə hal-hazırda beşinci mərhələdədir. Onun fikrincə, belə bir toksik situasiyanın əsas əlamətləri bunlardır: 1) yüksək borc səviyyəsi, 2) cəmiyyət daxilində gəlir və dəyərlər arasında böyük uçurum, 3) ağır iqtisadi şoklar.

Beşinci mərhələnin klassik markeri kimi Dalio yüksək büdcə kəsirini adlandırır. İnvestor xəbərdarlıq edir ki, bu vəziyyətdə pul çap edə bilməyən hökumətlər vergiləri artırmağa, xərcləri isə azaltmağa məcbur olurlar. Bu halda əsas yük ən kasıb təbəqənin üzərinə düşür. “Tarix göstərir ki, rifah səviyyələri arasındakı uçurum – vətəndaş müharibələrinin və istənilən növ inqilabların əsas göstəricisidir”.

Dalionun vurğuladığı digər indikatorlar bürokratizm, populizm, ekstremizm, eləcə də sinfi münaqişələr və qarşı tərəfin demonizasiyasıdır.

Çinin hegemonluğu və investisiya portfeli

Amerikanın iqtisadi və siyasi problemlərinin əsas benefisiarı Çin ola bilər. Dalio əvvəllər də qeyd etmişdi ki, Qərb ÇXR-i yanlış qiymətləndirməyə meyllidir. Keçən həftənin sonunda “Gzeromedia”ya verdiyi müsahibədə milyarder borcun yüksək səviyyəsinə görə əmtəə qiymətlərinin yüksələcəyini, pulların ucuzlaşacağını, investisiyaların artıq sərfəli olmayacağını, dolların isə ehtiyat valyuta statusunu itirə biləcəyini söyləmişdi. Lakin bu, təkcə Amerikanın problemi olmayacaq, həm də yapon yeninə və avroya təsir edəcək. Dalionun fikrincə, gələcəkdə yuan “rəqəmsal qızıl”a çevriləcək.

“Indian Fortune” nəşrinə müsahibəsində Dalio onu da bildirib ki, əgər Çin indiki templə inkişaf etməyə davam etsə, 5-10 ildən sonra ABŞ-dan daha güclü olacaq. Bütün bu şərtlər investisiya portfelini formalaşdırarkən nəzərə alınmalıdır. “Coğrafi diversifikasiya baxımından mən bu üç xüsusiyyəti olan ölkələrə üstünlük verirəm: birincisi, onların gəlirləri xərclərdən, aktivləri isə borclardan çox olmalıdır; ikincisi, bunlar daxili münaqişələri olmayan ölkələrdir; üçüncüsü, xarici münaqişə ehtimalı yüksək olan ölkələrə sərmayə qoymuram”.

Bundan əlavə, o, ölkədə təhsilin səviyyəsi və adambaşına düşən təhsil xərcləri, infrastruktura investisiyalar, eləcə də borc yükünün və korrupsiyanın səviyyəsi kimi amilləri nəzərə alır.

Eyni zamanda Dalio qeyd edir ki, 2022-ci il həm ABŞ, həm də Çin üçün böyük siyasi transformasiyalar ili olacaq. “Biz çoxlu siyasi manevrlər görəcəyik, lakin konkret mühüm təşəbbüslər çox azdır. 2023-cü il çətin, 2024-cü il isə maliyyə və iqtisadi baxımdan ondan da çətin olacaq”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər