6 C
Baku
Monday, December 16, 2024

Vətəndaşlığı olmayan şəxslər Azərbaycanda hansı şərtlərlə işləyə bilərlər?

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. İşəgötürənlər işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar.

İş icazəsi xarici vətəndaşın konkret bir sahədə işləməsi üçün verilir və bir iş icazəsi ilə əcnəbi işçi yalnız bir müəssisədə işləyə bilər. İş icazəsi 1 il müddətinə verilir və həmin icazənin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. İnzibati Xətalat Məcəlləsinin 578.1-ci maddəsinə əsasən İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, işəgötürən bu barədə 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Məlumatın vaxtında verilməməsinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, şəxsə verilmiş iş icazəsi öz qüvvəsini itirir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir. Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur:

1. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;
2. Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;
3. diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;
4. beynəlxalq təşkilatlarda işləyənlərə;
5. beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;
6. müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
7. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;
8. kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;
9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara;
10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə;
11. dənizçilərə;
12. ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
13. incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;
14. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;
15. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;
16. Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə;
17. Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;
18. qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;
19. İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə;
20. himayəsində 18 yaşına çatmamış və ya I dərəcə əlilliyi olan Azərbaycan Respublikasının vətəndaşlarına;
21. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.

Son xəbərlər
Digər xəbərlər