10 C
Baku
Friday, December 13, 2024

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasına dəyişiklik edilib

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasına dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Belə ki, qaydaya yeni bənd əlavə olunub. Yeni bəndə əsasən vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə veriləcək.

Bundan əlavə, iki bənd yeni redaksiyada verilib. Yeni redaksiyada qeyd edilib ki, övladlığa götürmənin dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.20-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş uşağın övladlığa götürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa (məhkəmə qətnaməsinin nəticə hissəsinə) əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılacaq.

Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi məhkəmə qətnaməsinin nəticə hissəsində qeyd olunan məlumatlar (övladlığa götürülənə soyadı və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi, övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi, övladlığa götürənlər valideyn kimi yazıldıqda bu barədə məlumat) əsasında tərtib ediləcək.

Son xəbərlər
Digər xəbərlər