“Vışeqrad dördlüyü” ölkələrinin maliyyə nazirləri Xorvatiya parlamentinin milli valyutadan (kuna) imtina edilməsini və vahid Avropa valyutasına (avro) keçilməsini nəzərdə tutan qanun layihəsinin bəyənilməsi barədə qərar qəbul edilməsi münasibətilə bu ölkəni təbrik ediblər.
Xorvatiya parlamentinin 117 deputatı avroya keçmək təklifinin lehinə, 13 deputat isə bu təklifin əleyhinə səs verib.
V4 ölkələrinin maliyyə nazirləri vurğulayıblar ki, Polşa, Çexiya və Macarıstan vahid Avropa valyutasına keçid məsələsində hələlik tələsməyəcəklər. Xatırladaq ki, bu dördlüyün üzvü olan ölkələrdən hələlik yalnız Slovakiya avroya keçib. Qeyd edilir ki, hazırda valyutanın əsaslı şəkildə dəyişməsi üçün o qədər də münasib vaxt deyil, xüsusən ona görə ki, bu, əhalinin yoxsullaşmasına səbəb ola bilər.
Sentyabrın 5-dən etibarən Xorvatiyada malların qiyməti hər iki valyutada hesablanacaq, sonra isə milli valyuta ilə avronun paralel mövcud olacağı qısamüddətli dövr başlanacaq. Həmin dövr başa çatandan sonra Xorvatiya avrozonanın iyirminci üzvü olacaq.