6 C
Baku
Monday, December 16, 2024

Vergi əməkdaşları Elmar Vəliyevin obyektlərində yoxlamalara başladı

Hazırda Vergilər Nazirliyinin əməkdaşları Elmar Vəliyevin Gəncədəki ticarət obyektlərində yoxlamlar aparır. Məlumata görə, ən diqqətçəkən məqam isə Elmar Vəliyevin nəzarətində olan təzə bazarla bağlıdır. Banker.az bu barədə mənbəyə istinad edir.

Heç kimə sirr deyil ki, sabiq başçının dövründə sovetlər dönəmində “mərkəzi kolxoz bazarı” kimi tanınan “Gəncə bazarı”nda çalışan sahibkarlar sıxışdırılıb, onlardan izafi haqlar toplanıb, eyni zamanda ərazidən çıxmaları tələb olunub.

Məqsəd E.Vəliyevin Gəncədəki “Grand Qafqaz” ticarət mərkəzinin daha geniş şəkildə fəaliyyət göstərməsinə, digər bazarların qapadılaraq, bura köçürülməsinə nail olmaq idi. Məhz bu fəaliyyət nəticəsində ilin əvvəlində digər bazarlardakı ticarətçilərin narazılıqları geniş vüsət almışdı.

Daha bir yeniliyə görə, yeni başçı Niyazi Səfərov vətəndaş məmnunluğunu nəzərə alaraq, sələfi Elmar Vəliyevin ənənələrinin aradan qaldırılmasına, “Gəncə bazarı”nın normal şəkildə fəaliyyət göstərməsinə şərait yaradıb. Gəncə sakinlərinin bu yenilikləri böyük razılıqla qarşıladığı vurğulanır.

2018-ci il iyulun 3-də Elmar Vəliyev və mühafizəçisi Qasım Aşbazov Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilmişdi. Onları güllələyən Gəncə sakini Yunis Səfərov hazırda həbsdədir.

E.Vəliyev Prezident İlham Əliyevin 28 avqust 2018-ci ildə imzaladığı sərəncamla Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

© Modern.az

Son xəbərlər
Digər xəbərlər