Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası nazirliyin yanında Bakı Vergilər Departamentində qeydiyyatda olan hüquqi şəxs “Z-engineering” MMC-nin “Səyyar vergi yoxlaması” aktının, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarların ləğv edilməsi barədə təkrar şikayətinə baxıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, cəmiyyətdə 2012-ci ilin iyun ayından 2014-cü ilin dekabrınadək növbədənkənar səyyar vergi yoxlaması keçirilib. Həmin yoxlama ilə cəmiyyətə ödəmə mənbəyində tutulan vergi üzrə əlavə vergi hesablanıb və maliyyə sanksiyası tətbiq edilib.
Səyyar vergi yoxlaması zamanı əmək haqqı məbləğinin və işçilərin sayının faktiki yerinə yetirilən işlərin həcminə uyğunluğunu araşdırmaq məqsədilə yoxlamaya Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” birliyinin mütəxəssisi cəlb edilib.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, 2012-ci və 2014-cü illər üzrə 1 nəfər işçi üçün illik iş vaxtı norması və təmir işləri sahəsində bir muzdlu işçiyə düşən orta aylıq əmək haqqı məbləğinə uyğun olaraq, əmək haqqı hesablanıb.
Apellyasiya Şurasının iclasında aparılan müzakirələr, vergi ödəyicisinin zərərlə işləməsi, təkrar şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər, eləcə də mütəxəssis rəyi ilə bağlı toplanmış materiallar əsas götürülməklə, Vergi Apellyasiya Şurasının qərarı ilə “Z-engineering” MMC-nin təkrar şikayəti təmin olunaraq, Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarları ləğv edilib.
AZƏRTAC