Vergilər Nazirliyi (VN) vergi ödəyiciləri üçün bəyannamələrin təqdimetmə müddətini artırıb. Vergi bəyannamələrinin təqdim edilməsi üçün son tarix yanvarın 20-dən 23-nə keçirilib. Başqa sözlə, vergi ödəyicilərinə 3 gün əlavə vaxt verilib.
VN-in media və kommunikasiya mərkəzindən xəbəri “Report”a təsdiq ediblər və bildiriblər ki, sahibkarlara möhlət verilməsi yanvarın 20-nin Ümumxalq Hüzn Günü olması, növbəti tarixlərin isə şənbə və bazar günlərinə düşməsi ilə əlaqədardır:
“Qanunvericilikdə də göstərilib ki, əgər bəyannamələrin sonuncu təqdimetmə günü hər hansı xüsusi günə təsadüf edərsə, o zaman həmin gün növbəti iş gününə keçirilir. Bu il isə “20 Yanvar faciəsi”nin ildönümü Cümə gününə düşdüyü üçün və növbəti iş günü bazar ertəsi yəni yanvarın 23-ü hesab edildiyindən vergi ödəyiciləri öz bəyannamələrini həmin gün təqdim edə bilərlər”, – deyə nazirlikdən qeyd edilib.