İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkədə əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi üzrə yeni istiqamətlər müəyyən edib.
Banker.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu əməkdaşlığın mahiyyəti və məqsədləri barədə məlumatların sahibkar birlikləri və assosiasiyalarına çatdırılması, birgə planlaşdırılan işlərin müzakirəsi məqsədilə həmin qurumlarla onlayn formatda görüş keçirilib.
Görüşdə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sahibkarların ictimai birlikləri ilə qurulacaq işlərin əsas prioritetlərini açıqlayıb. Bu prioritetlərə sahibkarların qarşılaşdığı problemlərin çevik şəkildə öyrənilməsi, onların qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması, orta və uzunmüddətli dövrdə iqtisadi aktivliyin, habelə dövlət büdcəsinə daxilolmaların artırılması daxildir.