Azərbaycanda vergi ödəyicilərinə ƏDV ödəyicisi olmamaq üçün verilən illik (ardıcıl 12 ay) 200 000 AZN dövriyyə limitinin azaldılması planlaşdırılıb.
Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin Sahibkar Birlikləri və Assosiasiyaları ilə İş şöbəsinin rəisi Elvin Məmmədli distribyutor şirkətlərindən birinin nümayəndəsinin sualını cavablandırıb.
O, “Biz qida sektorunda vəaliyyət göstərən distribyutor şirkətiyik. Xüsusən bölgələrdə və Bakıətrafı qəsəbələrdə kiçik vergi ödəyiciləri mal alışı zamanı sənədləşmədən imtina edirlər. Qarşılaşdığımız bu problemin həlli istiqamətində Dövlət Vergi Xidməti hansı tədbirləri görməyi nəzərdə tutur?” sualına belə cavab verib.
“Malı sənədsiz almaq istəyi əsasən sadələşdirilmiş vergi ödəyicilərində olur. Gəlir və ya mənfəət vergisi ödəyiciləri xərclərini rəsmiləşdirməkdə maraqlıdırlar. Amma sadələşdirilmiş vergi ödəyicilərinin əksəriyyəti alışını gizlədir ki, hasilatın da gizlətsin. Vergi orqanının da ortamüddətli dövrdə baxışı bundan ibarətdir ki, sadələşdirilmiş vergi rejimi keçid dövründə təbiq edilən müvəqqəti rejimdir. Dövlət Vergi Xidməti tərəfindən ƏDV qeydiyyatı ilə bağlı limitin aşağı salınması planlaşdırılır. Bu tədbir qeyd etdiyiniz halların qarşısını müəyyən qədər alacaq.Təcrübə göstərir ki, sadələşdirilmiş vergi ödəyicilərinin əksəriyyəti uçotu pozurlar”.
Qısası, ƏDV məqsədləri üçün qeydiyyata alınma üçün hədd olan 200.000 manatlıq limitin nəyinki artırılması, əksinə azaldılması gözənilir.
Daha sonra Elvin Məmmədli vuğulayıb ki, bu məsələ Dövlət Vergi Xidməti tərəfindən təhlil olunacaq, təhlillərdən sonra limitə baxılacaqdır. Limitin azaldılacağı yoxsa artırılacağı təhlillərdən sonra məlum olacaq.
Qeyd edək ki, Azərbaycanda bir sıra iqtisadçılar və millət vəkilləri “ƏDV limiti”nin hazırkı 200 min manatdan 300 min manata və ya daha artıq həddə qaldırılmasını təklif ediblər. Onlar hesab edirlər ki, ölkədəki qiymət artımları ilə əlaqədar olaraq sadələşdirilmiş vergi dövriyyəsinə yenidən baxılması məqsədəuyğundur. Sadələşdirilmiş dövriyyə ilə bağlı müəyyənləşdirilmiş 200 min manatlıq limit, artıq xeyli müddətdir qüvvədədir və 200 min manat müəyyənləşəndən sonra illik rəsmi inflyasiya səviyyəsi nəzərə alınsa, bu kontekstdən bu məbləğin artırılması daha məqsədəuyğun olar.
Vergi Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər.
Eyni zamanda, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərə bilərlər.