2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 139,3 milyon manat vergi səfərbər edilib, proqnoza 110,1 faiz əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz və ya 239,9 milyon manat çox vəsait toplanıb.
Vergilər Nazirliyindən Banker.az -a verilən məlumata görə, ödənilən vergilərin 69 faizi qeyri-neft-qaz sektorunun, 31 faizi neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı proqnoza nisbətən 13,8 faiz, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 16,1 faiz (299,7 milyon manat) təşkil edib.
Cəmi vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi 76,8 faizə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 17,6 faiz artıb, onun qeyri-neft-qaz sektorundan vergi daxilolmalarda xüsusi çəkisi 77,3 faizə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53,3 faizə çatıb.
2019-cu ilin yanvar-may aylarında regionlardan vergi daxilolmaları 18,6 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 9,8 faizə yüksəlib.