13 oktyabr 2017-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasında(ABA) Ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard – CRS) proseduru üzrə yeni qaydalar ilə əlaqədar fikir mübadiləsi aparılıb. Bu barədə Banker.az-a Assosiasiyadan məlumat daxil olub.
İclasda ABA-nın “Çirkli Pulların Yuyulmasına qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupunun sədri Anar Kərimov, Ekspert Qrupunun üzvləri, Vergilər Nazirliyi tərəfindən Maliyyə institutlarında vergi monitorinqi idarəsinin direktoru, kiçik vergi xidməti müşaviri Səfərəli Cavadov və həmin idarənin Monitorinq şöbəsinin rəhbəri, baş vergi xidməti müşaviri Dəyanət Hüseynzadə, eləcə də, bankların nümayəndələri iştirak edib.
İclasın məqsədi sözügedən qaydalara əsasən banklarda açılan hər bir müştəri hesabı, o cümlədən əmək haqqı kart hesabları üzrə Vergi Rezidentliyinin Müəyyən Edilməsi Üçün Özünüqiymətləndirmə Anketinin əldə edilməsi tələbi ilə bağlı iclas iştirakçılarına maraqlı olan məsələlərə aydınlıq gətirilməsi olub.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.