“VISA International” və “MasterCard” Azərbaycan banklarına tamamilə təmassiz (contactless) kartlara keçidlə bağlı tələb qoyub. Tələbə görə, 2021-ci ilə qədər ölkədə olan bütün banklar müştərilərinə təmassız plastik kartlar təqdim etməlidirlər. Banker.az xəbər verir ki, məsələ ilə bağlı Report Agentliyinin suallarını cavablandıran “AzeriCard” MMC-nin Biznesin İnkişafı departamentinin direktoru Cahangir Məmmədov belə bir tələbin olduğunu təsdiq edib.
C.Məmmədovun sözlərinə görə, hazırda “AzeriCard”ın xidmətlərindən istifadə edən banklar bu məsələlər ətrafında işləri davam etdirirlər:
“Hazırda ümumilikdə “AzeriCard”ın xidmətlərindən 21 bank istifadə edir ki, onlardan 2-i xaricdə, 19-u isə ölkə daxilində fəaliyyət göstərir. Bütün banklarda bu proseslər gedir və artıq bir sıra bankların müştəriləri təmassız kartlara malikdir. Düşünürəm ki, tələb olunan müddətin sonunda bankların hamısı müştərilərinə tamamilə təmassız kartlar təklif edə biləcəklər”.
“AzeriCard” rəsmisi təmassız kartların üstünlüyü haqqında da danışıb:
“Bu kartlar kiçik ödənişlərdə çox böyük əhəmiyyətə malikdir. Belə ki, təmassız kartlardan istifadə zamanı PİN- kodun yığılmasına ehtiyac qalmır və bu da vaxt itkisini minimuma endirir. Amma burada da məbləğdə limit var. Müəyyən limitə qədər ödənişi kontaktsız həyata keçirmək olar. Amma həmin limitdən sonra mütləq şifrə yığılmalıdır”.
“Millikart” MMC-nin Strateji İnkişaf və Marketinq Departamentinin rəhbəri Aleksandr Kojevnikov isə “Report”a hazırda bu istiqamətdə də işlərin davam etdirildiyini bildirib:
“VISA International” və “MasterCard”ın bu tələbi hansı müddətə irəi sürməsi ilə bağlı onlar özləri məlumat versə yaxşı olar. Amma ümumilikdə deyim ki, hazırda banklar təmassız kartlara keçmək üçün iş aparır. Bu həmçinin “token ödənişlər”in də aparılmasına şərait yaradacaq”.
Xatırladaq ki, Rusiya mediasının yaydığı məlumata görə, “VISA International” bu il aprelin 13-ü, “MasterCard” isə 2021-ci il aprelin 12-də bu ölkədəki bankların tamamilə kontaktsız plastik kartlara keçməsini tələb kimi irəli sürüb.