10 C
Baku
Friday, December 13, 2024

“Volkswagen” elektrikli avtomobillərə keçidə görə 30 min işçini ixtisar edəcək

Alman avtomobil istehsalçısı “Volkswagen” elektrikli avtomobillərə keçdiyinə görə təxminən 30 min işçini ixtisar edəcək. Qeyd edək ki, indi avtomobil şirkətində dünya üzrə 600 mindən çox insan çalışır. Xüsusilə, kütləvi ixtisarlar avtomobil nəhənginin Volfsburqdakı zavodunda baş verə bilər.

Banker.az xəbər verir ki, elektrikli avtomobillərə keçid səbəbindən minlərlə işçini ixtisar etmək planları barədə “Ford” da deyib.

“Volkswagen”in baş direktoru Herbert Diss şirkətin elektrikli avtomobillərin istehsalına keçdiyini və amerikalı milyarder İlon Mask ilə eyni səviyyədə olmaq istədiyini söyləyib.

Avtomobil konserni artıq Avropadakı bir neçə fabrikini elektrik avtomobil istehsalına uyğunlaşdırıb. Xüsusilə, şirkət Zvikkau (Almaniya) və Brüsseldəki (Belçika) müəssisələrini modernləşdirib. Almaniyanın Hannover və Emden şəhərlərindəki müəssisələr də tədricən elektrikli avtomobillərin istehsalına keçəcək.

2020-ci ildə “Volkswagen” 231 600 elektrikli avtomobil satıb ki, bu da 2019 -cu illə müqayisədə 214% çoxdur. Şirkət ehtiyat hissələrinin hazırlanmasında və elektrikli avtomobillər üçün lazım olan infrastrukturun yaradılmasında fəal iştirak edir. 2030-cu ilə qədər konsern elektrikli avtomobillərin qiymətini azaltmaq üçün altı böyük akkumulyator fabriki inşa edəcək. Bundan əlavə, şirkət 2025-ci ilə qədər Avropada təxminən 18 min şarj nöqtəsi açacaq.

İlk iki zavod Şellefteo (İsveç) və Zaltshitterdə (Almaniya) bərpa olunan enerji mənbələrindən istifadə edərək fəaliyyət göstərəcək. İsveçdəki fabrikdə istehsal 2023-cü ildə, Almaniyada isə 2025-ci ildə başlayacaq.

Daha əvvəl “Ford” konserni ABŞ-da minə yaxın işçini ixtisar edəcəyini açıqlamışdı. İstehsalçı biznesini yenidən təşkil etmək istəyir ki, 2030-cu ilə qədər ölkədə satılan avtomobillərin 40-50 faizi elektrikli mühərrikli olsun.

Son xəbərlər
Digər xəbərlər