6 C
Baku
Monday, December 16, 2024

“Volkswagen”in sabiq rəhbəri dünyasını dəyişib

“Volkswagen AG”nin keçmiş baş direktoru Karl Horst Han yanvarın 14-də Almaniyanın Volfsburq şəhərindəki evində yuxuda vəfat edib. Onun 96 yaşı olub. Karl Horst Hanın ölümü barədə “Bloomberg”ə Karl Xan Xeyriyyə Fondunun nümayəndəsi məlumat verib. Vida mərasimi yanvarın 24-nə planlaşdırılıb.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Agentlik qeyd edir ki, Karl Hanın marketinq bacarıqları sayəsində “Volkswagen Käfer” (“Beetle”) minik avtomobili tarixdə ən çox satılan model olub. 1959-1964-cü illərdə Han “Volkswagen”in Amerika törəmə şirkətinin rəhbəri olub. Bundan sonra o, “Volkswagen”in idarə heyətinə seçilib. 1973-cü ildə Han yenidən təşkil edilən şirkəti tərk etsə də, 1982-ci ildə geri qayıdaraq baş direktor və direktorlar şurasının rəhbəri vəzifələrini tutub.

O, 1993-cü ilə qədər baş direktor olub. Bu dövrdə “Volkswagen” Avropada 1 nömrəli avtomobil istehsalçısına çevrilib, Çində və Şərqi Avropada yeni zavodlar açıb, İspaniyanın “Seat” avtomobil şirkətini alıb və “Volkswagen Golf” modelinin yeni versiyalarını təqdim edib.

“Mənim məqsədim əsas ixracatçı və çoxlu xarici filialları olan bir şirkətin qlobal şəbəkəsini yaratmaq idi”, – Karl Han deyib.

Son xəbərlər
Digər xəbərlər