Banker.az The Wall Street Journal nəşrinə istinadən xəbər verir ki, Facebook Inc. biznes nümayəndələrinin öz müştəriləri ilə ünsiyyəti üçün nəzərdə tutulmuş WhatsApp Business tətbiqetməsinin yeni funksiyalarını ödənişli edəcək.
“Biz istifadəçilərə şirkətlərə ismarıc göndərmək və arzularında olduğu cavabı almaq imkanı vermək istəyirik. Gələcəkdə biz buna görə biznes nümayəndələrindən ödəniş tələb etmək niyyətindəyik” – WhatsApp şirkətinin əməliyyat direktoru Mett Idema bildirib.
WhatsApp Business tətbiqetməsi kiçik şirkətlər üçün yaradılıb. Bu tətbiqetmə həmçinin nəhəng şirkətlər üçün ayrıca alət olaraq da istifadə oluna bilər və onlara əsas WhatsApp tətbiqetməsinə birbaşa qoşulmağa imkan verər. Nəşrin verdiyi məlumata görə, hazırda bu xidmət Braziliya, Avropa, Hindistan və İndoneziyada sınaqdan keçirilir. Hollandiyanın KLM Royal Dutch Airlines şirkəti öz işində WhatsApp Business-dən istifadə edir.
Bununla yanaşı qeyd edilir ki, Facebook şirkəti 2014-cü ildə WhatsApp-ı 22 milyard dollar qarşılığında əldə edib və bu günə qədər bundan “1 qəpik belə” qazanmayıb. Şirkətə məxsus Facebook Messenger isə artıq reklam hesabına gəlir gətirir.