İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yaradılması tempini əhəmiyyətli dərəcədə aşağı salıb və bu, artıq bu payızda ABŞ ilə nüvə məsələləri üzrə danışıqların bərpası yönündə bir addım ola bilər.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
İran həmçinin öncələr toplanmış zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin zənginləşdirmə səviyyəsini azaldıb. Qəzetin yazdığına görə, Tehran nüvə məsələsində ABŞ-la danışıqların yenidən başlaması səyləri çərçivəsində belə addımlar atıb. Nəşrin məlumatına görə, Ağ evin rəsmiləri əvvəllər İrana bildiriblər ki, Tehran yayda nüvə proqramını azaltmaq üçün konkret addımlar atacağı təqdirdə, 2022-ci ilin payızında faktiki olaraq başa çatan danışıqlara yaxın aylarda qayıtmağı nəzərdən keçirməyə hazırdırlar.
Bildirilib ki, İran hələ də 60 % zənginləşdirilmiş uranın əhəmiyyətli ehtiyatlarını saxlayır ki, bu da iki nüvə qurğusu yaratmaq üçün kifayət edə bilər.