8 C
Baku
Sunday, November 17, 2024

Xəstəxanasının baş həkimi və Peşə liseyinin direktoru barəsində cinayət işi məhkəməyə göndərilib

Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.

İstintaqla Natiq Şükürovun qeyd olunan vəzifədə işləməklə Həkim-Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2018-2019-cu illərdə əlillik dərəcəsinin təyin edilməsi üçün müraciət etmiş 15 şəxsi sözügedən Komissiyada müayinədən keçirməməsinə, bununla belə onların təqaüd ala bilmələri üçün əsas olan xəstəlik barədə qəsdən təhrif edilmiş məlumatları özündə əks etdirən elektron göndərişləri qanunsuz olaraq özündə saxladığı elektron imzalar vasitəsilə təsdiq edib aidiyyəti qurumlara göndərərək həmin şəxslərə əlillik dərəcələrinin təyin edilməsinə və bununla da cəmi 23 min 400 manat məbləğdə pul vəsaitinin həmin şəxslərin bank kartı hesablarına köçürülməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Natiq Şükürovun törətdiyi cinayət əməllərinin ifşa olunmasından yayınmaq üçün rəhbərlik etdiyi xəstəxananın poliklinika şöbəsinin müdiri, eyni zamanda həkim-məsləhət komissiyasının üzvü olan Şəfa Şükürov ilə cinayətkar əlaqəyə girərək, müvafiq göndərişlərlə bağlı aparılan sənədləşdirmənin guya qanuni olması görüntüsü yaratmaq məqsədilə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qanunsuz olaraq həmin sənədləri xəstəxananın möhürü ilə təsdiq edib təkrarən vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında  Natiq Şükürova ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilmişdir.

Baş Prokurorluqdan verilən bir digər məlumata görə isı Tovuz Peşə Liseyinin direktoru Tanırverdi Tanırverdiyevin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış  cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla qeyd olunan vəzifədə işləyərkən Tanırverdi Tanırverdiyevin lisey müəllimlərinin 2017-2021-ci illər ərzində faktiki olaraq tədris etmədikləri halda rəsmi sənədləri saxtalaşdırıb həmin şəxslərə əlavə dərs saatının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən ayrılmış ümumilikdə 69 min 400 manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməsinə, bir nəfər şəxsi həmin liseyə işə qəbul etmək üçün 2 min 500 manat məbləğində rüşvət almasına, habelə işə laqeyd münasibəti nəticəsində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş daxili qaydaların pozulması ilə dövlətin qanunla qorunan mənafelərinə 122 min 500 manat məbləğində zərər vurulmasına səbəb olan səhlənkarlıq hərəkətlərinə yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Tanırverdi Tanırverdiyevə ittiham elan edilərək, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Son xəbərlər
Digər xəbərlər