Xankəndi şəhəri ilə qardaşlaşma proseduruna başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən verilən məlumata görə, sentyabrın 17-də Baia Mare şəhərinin meri Ioan Doru Dăncuș və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi ilə Baia Mare şəhərləri arasında qardaşlaşma sazişinin imzalanmasına dair niyyət protokolu imzalayıblar. Niyyət protokolu Baia Mare şəhəri günü çərçivəsində keçirilən tədbirdə imzalanıb.
Tədbirdə Rumıniya Senatının Rumıniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Maramureş vilayətinin senatoru Kristian-Auqustin Nikulesku-Tsıqırlaş, Maramureş vilayətinin Vəkillər Kollegiyasının sədri Florin Antrekut, Baia Mare şəhərinin merinin müavini İonut Pırvu və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər.
Baia Mare şəhərinin meri Ioan Doru Dăncuș bildirib ki, təşəbbüs iki şəhər arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə imkan yaradacaq. Əməkdaşlıq çərçivəsində iqtisadi və investisiya imkanlarının təşviqi, biznes dairələri arasında əlaqələrin qurulması, yerli administrasiyalar arasında birgə layihələrin həyata keçirilməsi, həmçinin mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.







