8 C
Baku
Thursday, December 12, 2024

Xaricdə sürücülük vəsiqəsi alıb Azərbaycana gələn şəxslər onu dəyişdirməlidirlər?

Qanunvericiliyə əsasən, Azərbaycan ərazisində A, B, C kateqoriyalarına, B1 və C1 altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququ 18 yaşdan sonra əldə edilir.

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ərazi üzrə qeydiyyat-imtahan məntəqəsinə ərizə ilə müraciət etməlidir.

Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqələri Avropa Konvensiyasına qoşulan bütün ölkələrdə tanınır.

Bəzən sürücülük vəsiqələri öz ölkələrinə aid olan əcnəbi vətəndaşlar Azərbaycana gələrkən hansı halda avtomobil idarə edə biləcəkləri ilə bağlı məlumatlı olmurlar.

Bu səbəbdən də “Əcnəbi vətəndaşlar Azərbaycanda avtomobil idarə etmək üçün nəyi bilməlidirlər?” sualı ilə Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.

İdarədən bildirilib ki, qanunvericiliyin tələbinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında respublikamızın ərazisində nəqliyyat vasitələrini idarə etmək hüquqlarına malikdir.

“Lakin əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində qanunla müəyyən edilmiş qaydada dəyişdirməlidir. Sürücülük vəsiqəsi dəyişdirildikdə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni vəsiqə ilə birlikdə həmin şəxsə qaytarılır. Həmin şəxs də milli sürülük vəsiqəsi ilə yaranan hüquq və vəzifələri daşıyır”, – deyə açıqlamada bildirilir.

Başqa sözlə desək, “Yol hərəkəti haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən, əcnəbi vətəndaşın aldığı sürücülük vəsiqəsinin müddəti ona ölkə ərazisində qeydiyyat icazəsi verildiyi müddətə bərabərdir. Yəni sürücülük vəsiqəsi əcnəbi vətəndaşın Dövlət Miqrasiya Xidmətindən aldığı şəxsiyyət vəsiqəsində göstərilən müddətə qədər etibarlı hesab olunur.

Qanunun bu tələbi pozulduğu halda (yəni xarici vəsiqə milli vəsiqə ilə əvəzlənməzsə) həmin şəxs Konstitusiya Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarına əsasən, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan (yəni sürücülük hüququ olmayan) şəxs hesab edilir.

Belə olduğu halda isə həmin sürücü vəsiqəsi olmayan şəxs kimi inzibati məsuliyyətə, cinayət xarakterli hadisədə təqsirli olduqda isə sürücülük hüququ olmadan qəza törətməyə görə Cinayət Məcəlləsinin 263-1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb edilir.

Qeyd edək ki, 1968-ci il Vyana Konvensiyasına uyğun olan xarici sürücülük vəsiqələri “ASAN xidmət” mərkəzlərində, imtahansız, 30 manat rüsum ödənilməklə Azərbaycan vəsiqəsinə dəyişdirilir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər