Almaniyanın sənaye xidmətləri qrupu “Bilfinger SE” Azərbaycanda fəaliyyət göstərən “Stork APM Consultancy Services” MMC-nin 100%-nə sahib olub. Şirkət bu aktivi ABŞ-ın “Fluor Corporation” qrupundan “Stork”un Avropa biznesinin satın alınması çərçivəsində əldə edib.
Banker.az xəbər verir ki, “Stork APM Consultancy Services” MMC daha əvvəl “Fluor Corporation”a daxil olan “Stork” qrupunun strukturunda fəaliyyət göstərirdi. ABŞ şirkətinin hesabatlarına əsasən, Azərbaycan şirkətindəki payların 99%-i “Stork Asset Management Technology B.V.”yə, 1%-i isə “Stork Technical Services Holding B.V.”yə məxsus olub. Əməliyyat 1 aprel 2024-cü ildə tamamlanıb və Bakıdakı şirkət alınmış hüquqi şəxslər siyahısında 100% olub.
“Bilfinger” “Stork”un Avropa biznesində nəzarəti payların alınması yolu ilə əldə edib və əməliyyat üzrə ödəniş pul formasında həyata keçirilib. “Stork” aktivlərinin Avropa hissəsi üzrə ilkin alış qiyməti 61,5 milyon avro olub. Lakin Bakıdakı şirkət üçün ayrıca alış qiyməti açıqlanmayıb.
Bu dəyişiklik fonunda ötən il Mara Coort Petrus şirkətin rəhbəri təyin edilib. O bu vəzifədə şirkət yarandığı 2022-ci ildən ona rəhbəelik etmiş Jan Schipperi əvəz edib.
2024-cü ilin sonunda “Stork APM Consultancy Services” MMC-nin kapitalı 275 min avro, illik mənfəəti isə 128 min avro olub.
2025-ci ilin sonunda şirkətin kapitalı 618 min avroya yüksəlib. Mənfəət isə 391 min avro təşkil edib. Beləliklə, şirkətin kapitalı bir il ərzində 2,2 dəfə, mənfəəti isə təxminən 3 dəfə artıb.
“Bilfinger SE” Almaniyada yerləşən beynəlxalq sənaye xidmətləri qrupudur və enerji, neft-qaz, kimya və digər sənaye sektorlarında mühəndislik, texniki xidmət və layihə xidmətləri göstərir.







