10 C
Baku
Wednesday, December 11, 2024

XİN-də xarici investisiyalı MMC-lərlə bağlı informasiya sistemi yaradılacaq

Xarici İşlər Nazirliyinin xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün informasiya sistemi yaradılacaq.

Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə, onun qeydiyyatını təsdiq edən sənədlər – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və qeydiyyatı təsdiq edən digər əlaqəli sənədlər ərizəyə əlavə olunmalıdır. Qeydiyyatı təsdiq edən sənədlərin konsul leqallaşdırılması tələb olunduğu zaman bu sənədlər həmin xarici hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), Azərbaycan Respublikasının hüdudlarından kənarda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim olunur. Qeydiyyatı təsdiq edən sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya diplomatik nümayəndəlik (konsulluq) tərəfindən leqallaşdırılaraq, XİN-in informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsinin təsdiq olunması məqsədilə “Elektron notariat” informasiya sisteminə, tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Elektron şəhadətnamə (apostil) verilmiş xarici rəsmi sənədlər isə “Notariat haqqında” qanuna uyğun olaraq yoxlanıldıqdan və “Elektron notariat” informasiya sistemi vasitəsilə tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.

Nazirlər Kabineti Xarici İşlər Nazirliyinin müvafiq informasiya sisteminin yaradılması ilə bağlı altı ay müddətində müvafiq tədbirlər görməlidir.

Konsul leqallaşdırılması tələb olunan sənədlərin XİN-in informasiya sistemi vasitəsilə təqdim olunması ilə bağlı müddəaları həmin informasiya sistemi fəaliyyətə başladıqdan və aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə inteqrasiya olunduqdan sonra qüvvəyə minir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər