“AS Qrup İnvestment” şirkəti Xocalı faciəsinin anımı və tarixi maarifləndirməyə dəstək olmaq məqsədilə 19-26 fevral tarixlərində Bakı məktəbləri arasında “Vətənə qayıdış” adlı intellektual vətənpərvərlik yarışı təşkil etdi.
Müsabiqənin ilk mərhələsi məktəblərdə, final oyunları isə 26 fevral tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında keçirildi. Finalda Akademik Zərifə Əliyeva adına Liseyin “Cümhuriyyət”, Humanitar fənnlər üzrə liseyin “Mübarizlər”, BDU-nun Gənc İstedadlar Liseyinin “Simurq” və 6 nömrəli məktəbin “Əlaçılar” komandaları iştirak etdilər.
Tədbir əvvəlcə 1992-ci ilin fevralında baş vermiş soyqırım qurbanları anıldı, hadisə barədə danışıldı, yeniyetmələrə məlumat verildi, daha sonra isə final oyununa başlanıldı. Xocalıya ithaf edilən yarışın şərtlərinə görə komandalar Azərbaycan inzibati xəritəsi üzərində müxtəlif istiqamətlərdən Xocalı ərazisinə doğru hərəkət edirlər. Verilən suallara doğru cavab tapan komanda irəliyə doğru hərəkət edir və addım-addım irəliləməklə Xocalı ərazisinə birinci çatan qalib olacaqdı.
Bu komnda isə Zərifə Əliyeva adına liseyin “Cümhuriyyət” komandası oldu. Digər komandalardan “Əlaçılar” ikinci, “Mübarizlər” üçüncü, “Simurq” isə 4-cü yeri tutdular. Qaliblər və finalçılar “AS Qrup İnvestment” şirkəti tərəfindən sertifikatlarla təltif olundular və və müxtəlif dəyərlərdə kitab kuponları ilə mükafatlandırıldılar.
Sonda final yarışmasının iştirakçıları birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının bağında üzərində işğal edilmiş 12 rayonumuzun adı qeyd edilən hava şarlarını həmin ərazilərimizə geri qayıdacağımıza inam hissimizin rəmzi olaraq göyə uçurdular.